Balakən və Zaqatala Rayon Polis Şöbələrinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbirləri keçirilib.
Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Balakən Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində rayon sakini, 28 yaşlı Röyal Yetərov saxlanılıb. Onun Mahamalar kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman su hovuzunun içərisində xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi 33 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.
Zaqatala Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Muxax kənd sakini Rafael Laçınovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 9 ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu aşkar edilib. R.Laçınov şübhəli şəxs qismində saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
www.yenicag.az