Sui-qəsdçinin ölüm hökmü təxirə salınıb
Pakistanda həbs edilən rusiyalının edam cəzası təxirə salınıb.
Rusiya vətəndaşı olan Ahlas Ahlak 2003-cü ildə ölüm hökmünə məhkum edilmişdi. O, Pakistanın o zamankı prezidenti Pərviz Müşərrəfə siu-qəsddə günahlandırılırdı.
35 yaşlı Ahlas Ahlak isə sui-qəsdlə heç bir əlaqəsi olmadığını bildirib. Onun atası da oğlunun günahsız olduğunu, yanlış adamın həbs edildiyini deyir.
Əgər edam cəzası təxirə salınmasaydı, bu bazar günü icra ediləcəkdi. Hətta bir neçə saat əvvəl Ahlas Ahlakın atasını oğlu ilə vidalaşmaq üçün də çağırmışdılar. Lakin daha sonra Rusiyanın Pakistandakı səfirliyindən bildirilib ki, o, edam edilməyib, hələ sağdır. Bununla belə səfirlik nümayəndəsi edamı nə vaxtadək gecikdirə biləcəklərini də bilmir.
Qeyd edək ki, bir müddət əvvəl Pakistanda baş verən və “Taliban” qruplaşmasının məsuliyyətini öz üzərinə götürdüyü terror aktı ilə əlaqədar ölkənin baş naziri Nəvaz Şərif ölüm cəzasına qoyulan moratoriumu aradan qaldırmışdı. Bununla da ölüm cəzasına məhkum edilmiş məhbusların edam edilməsinə başlanılmışdı.
(anspress.com)