“Suriyadakı müxalif qüvvələr son günlər yenidən fəallaşmış və hərbi əməliyyatları başladıblar Ən son olaraq, onlar Hələb şəhərinin yaxınlığına qədər irəliləyərək müvəqqəti atəşkəsdən sonra vəziyyəti gərginləşdiriblər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Siyasi təhlilçi Suriyada müxalif “Həyat Təhrir əş-Şam” qruplaşmasının hökumət qüvvələrinə qarşı başlatdığı hərbi əməliyyatları şərh edib.
O, söyləyib ki, hazırda cərəyan edən proseslər Suriyada vəziyyətin yenidən pisləşdiyinin göstəricisidir:
“Eyni zamanda, Suriyadakı müxalif qüvvələr, o cümlədən “Həyat Təhrir əş-Şam” Türkiyənin dəstəyini alır və burada Türkiyə ilə Rusiyanın maraqları toqquşur. Buna görə də Rusiya və Bəşər Əsədi dəstəkləyən qüvvələr havadan əməliyyatlar keçirməyə başlamışdır. Bu, Suriyanın növbəti vətəndaş müharibəsi astanasında olduğu deməkdir”.
Analitik əlavə edib ki, Türkiyənin müxalif qruplara dəstək verməsi mümkündür:
“Amma əməliyyatın əsas siqnalı, fikrimcə, okeanın o tayından, yəni ABŞ-dən gəlmişdir. ABŞ və İsrail Suriyada Bəşər Əsəd rejiminə qarşı olan tərəflərdir və Əsədin rejiminin getməsini istəyirlər. Digər tərəfdən, bu əməliyyatın Rusiyanı dayandırmağa yönəlmiş bir addım olması da mümkündür, çünki burada Amerikanın və İsrailin maraqları üst-üstə düşür”.
Onun sözlərinə görə, İsrailin Livanla imzaladığı atəşkəsdən sonra Suriyada başlanan bu əməliyyat təsadüfi deyil:
“Buradakı əsas məqsəd Suriya rejimini zəiflətmək və Rusiyanın Yaxın Şərqdəki təsir dairəsini daraltmaqdır. Bu əməliyyatlar qısa müddətdə başa çatmayacaq. Rusiya Suriyanın dəstəkçisi olaraq Bəşər Əsədin tez bir zamanda təslim olmasına icazə verməyəcək və bu da Suriyanı növbəti dəfə vətəndaş müharibəsinə sürükləyəcək. Bu hadisələr nəticəsində regionda humanitar böhran daha da dərinləşəcək və çoxsaylı günahsız insanlar bundan təsirlənəcək. Bütün bunlar isə müəyyən dövlətlərin regiondakı geosiyasi maraqları uğrunda atdıqları addımlardan irəli gəlir”.
Rafi Müslümov
www.yenicag.az