!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şuşaya yeni magistral su kəməri çəkiləcək

!Reklam – Yazi

Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC yayıb.

Məlumata görə, bu tədbirlər mövcud su təchizatı sistemlərinin stabil fəaliyyətinin təmin edilməsi və digər həyati əhəmiyyətli infrastruktur layihələrinin icrası çərçivəsində həyata keçirilir.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək üçün Təxirəsalınmaz Tədbirlər Proqramı hazırlanıb və icrasına başlanılıb. Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq. Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq.

Bu tədbirlər çərçivəsində ilkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb. Bu məqsədlə Şuşa şəhərinin yaxınlığındakı suqəbuledici kameradan şəhərdəki anbara qədər polad borularla 1,8 km uzunluğunda yeni magistral su kəməri çəkilir.

Kəmərin inşasında istifadə olunacaq maşın-mexanizmlərin, polad boruların və digər mal-materialların Şuşa şəhərinə daşınması təmin edilib. Hazırda tikinti-quraşdırma işləri Laçın-Şuşa avtomagistralının trassası boyunca davam etdirilir.

Magistral su kəmərinin inşası zamanı texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi xüsusi avadanlıqlarla yoxlanılır, müvafiq rəy verildikdən sonra həmin hissələr həm daxildən, həm də xaricdən izolyasiya olunur. Suyun keyfiyyətini sabit saxlamaq üçün borular daxildən xüsusi boyalarla izolyasiya edilir. Yeni magistral su kəmərinin Şuşa şəhərinə çəkilən magistral avtomobil yolunun trassası ilə kəsişmə hissəsinin inşası qısa müddətdə başa çatdırılacaq.

Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.

Qeyd edək ki, yeni magistralın inşası ilə yanaşı şəhərdaxili şəbəkədə də tənzimləmə işləri aparılır və baş verə biləcək qəzaların aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

Şuşa şəhərinin yeni Baş Planına uyğun olaraq şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, içməli və tullantı sutəmizləyici qurğular inşa ediləcək.

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv