Tarix yenidən YAZILIR: Argentinada əvvəllər məlum olmayan insan nəsli kəşf edildi

media-hightechnic-468x90

Arxeoloqlar Argentinada əvvəllər məlum olmayan qədim insan nəsli kəşf ediblər.

Yenicag.az xəbər verir ki, bu barədə araşdırma “Nature” elmi jurnalında yayımlanıb.

İndiyədək bölgədə insan varlığının ən qədim sübutu Argentinanın Pampas bölgəsindəki Arroyo Seko adlı təxminən 14 min illik arxeoloji məkan idi.

Bununla belə, bu bölgədə ilk məskunlaşan populyasiyalar haqqında hələ də çox şey məlum deyil. Tədqiqatçılar bildirirlər ki, Cənubi Amerikada qədim DNT araşdırmaları Avropa və Asiyadakı səylərdən geri qalıb. Əvvəlki DNT araşdırmaları göstərir ki, təxminən 9 min il əvvəl yerli amerikalılar üç fərqli nəsilə ayrılmağa başlayıblar: biri Mərkəzi And dağlarında, digəri Amazoniyanın tropik düzənliklərində, üçüncüsü isə Pampas, Çili və Pataqoniyada.

Argentinada yeni kəşf edilən insan nəsli qitədə səkkiz min ildən çox mövcud olub və təəccüblü dərəcədə müxtəlif yerli mədəniyyətlərin yaranmasına səbəb olub.

“Biz əvvəllər tanımadığımız yeni bir nəsil, yeni bir insan qrupu tapdıq. Bu nəsil ən azı son 8 min il ərzində bu günə qədər əsas genetik komponent olaraq qalmaqdadır. Bu, qitənin tarixində indiyədək xəbərsiz olduğumuz böyük bir epizoddur”, – deyə Harvard Universitetindən Xavyer Maravall Lopes bildirib.

Araşdırmada alimlər 10 min il əvvələ qədər yaşamış 238 yerli fərdin sümük və dişlərindən DNT nümunələri götürüblər. Bu, müasir Argentina, Çili və Uruqvayı əhatə edən Mərkəzi Cənubi Konus bölgəsindən götürülən nümunələrin sayını on dəfədən çox artırıb.

Onlar həmçinin bu məlumatları 12 min il əvvəl yaşamış və avropalılarla təmas dövrünə qədər mövcud olmuş 588 digər yerli amerikalının qədim DNT-si ilə müqayisə ediblər. Alimlər müqayisəni insan genomunun “single-nucleotide polymorphisms” (SNPs) adlanan kiçik bir hissəsinə daraldıblar. Bu hissə insanlar arasında dəyişkənlik göstərir.

Bu müqayisə fərdlər arasındakı genetik əlaqələr haqqında nəticə çıxarmağa və kimin ortaq nəsildən gəldiyini, kimin isə daha uzaqdan bağlı olduğunu müəyyənləşdirməyə kömək edib.

Tədqiqatçılar bölgədə təxminən 8 min 500 il əvvəl ortaya çıxmış tamamilə yeni bir insan nəsli aşkar ediblər. Bu nəsil müxtəlif dillər və mədəniyyətlər inkişaf etdirib və Mərkəzi Argentinanın əsas genetik komponentinə çevrilib.

“Eyni nəsildən olan insanlar arxipelaqvari şəkildə bioloji olaraq təcrid olunmuş halda fərqli mədəniyyətlər və dillər inkişaf etdirirdilər”, – deyə Dr. Lopes bildirib.

Yeni müəyyən edilən Mərkəzi Argentina nəsli sonradan cənuba doğru genişlənib və təxminən 3 min 300 il və ya daha əvvəl Pampas populyasiyası ilə qarışaraq orada dominant genetik komponentə çevrilib.

Yeni qrupun digərləri ilə müəyyən qədər qarışdığı görünsə də, tədqiqatçılar onların, əsasən, öz aralarında qaldığını deyirlər. Alimlər ümid edirlər ki, gələcək araşdırmalar bölgədəki qədim qruplar arasında miqrasiyanın və qarışmanın niyə məhdud olduğunu izah edə biləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa