Tayfundan 21 nəfər ölüb
Filippində bu ilin ən güclü tayfunu olan “Haqupit” tayfunu nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Daha əvvəl tayfun nəticəsində 4 nəfərin öldüyü xəbər verilirdi.
Fəlakət zonasından 1 milyona yaxın sakin evakuasiya edilmişdi. Lakin qasırğa zəiflədiyindən ölkənin mərkəzi bölgələrinin sakinləri evlərinə qayıtmağa başlayıb.
“Haqupit” tayfunu sürətini və şiddətini azaltsa da, gecə boyunca davam edən yağıntı daşqına səbəb olub. Daşqın ölkənin mərkəzindəki Nabu şəhərində dağıntılara səbəb olub. Şəhərin əsas küçə və yolları hərəkətə bağlanıb. Çox sayda tikiliyə və nəqliyyat vasitəsinə ziyan dəyib.
Meteoroloqlar qasırğanın yaxın günlərdə də davam edəcəyini və sabah paytaxt Manilaya çatacağını proqnozlaşdırırlar. Tayfunun davam etməsi daşqın və torpaq sürüşmələri təhlükəsini artırır.
«Haqupit» tayfununun şiddəti 5-ci kateqoriyadan 2-ci kateqoriyaya endirilib.
(anspress.com)