Teatrımızın GÜNÜ: Bilmirsən sevinəsən, yoxsa...

media-hightechnic-468x90

10 mart – Milli Teatr Günüdür. O teatr ki, vaxtilə ondan danışanda məşhur teatr novatoru Stanislavskinin “Teatr asılqandan başlanır” fikrini tez-tez dilə gətirirdik. Söhbət təbii ki, tamaşaçılardan gedir.

media-banner_tuq

Təəssüflər olsun ki, bu gün teatrlarımızda tamaşaçı qıtlığı yaşanır. Əvvəllər “hadisəyə çevrilən tamaşa” ifadəsini tez-tez işlədərək, ona xüsusi dəyər verərdik. İndi isə bu kəlməni yavaş-yavaş arxivə göndərmişik. Az sayda olsa da, yaxşı rejissorlarımız var, amma təəssüf ki, onlar da keyfiyyətli əsərləri “hadisə”yə çevirə bilmirlər. Teatrlarda tamaşaçı cəlb etmək məqsədilə daha çox bayağı, təsadüfi yazılmış əsərlərə üstünlük verilir. Amma belə yanaşma “qaş düzəltdikləri yerdə vurub gözü çıxarmaq” kimi nəticələnir. Tamaşaçını teatra bağlamaq və onun əvvəlki şöhrətini qaytarmaq üçün məhz “hadisəyə” çevriləcək tamaşalara ehtiyac var.

Keçmişdə Mehdi Məmmədov, Adil İsgəndərov, Tofiq Kazımov kimi rejissorlarımız olub. Onların fəaliyyəti dövründə səhnələşdirilən tamaşaların hər biri bir “hadisə”yə çevrilirdi və ümumilikdə milli teatrımızın şedevrləri sayılırdı. Bəs bu gün niyə belə rejissorlar yetişmir? Niyə teatrlarımızda anşlaq yoxdur?

Suallar çox, cavablar isə yox dərəcəsindədir… Müasir dövrün öz tələbləri var; teatrlarla bağlı reklam və təbliğat işi gücləndirilməlidir. Yaxşı tamaşalar qoyulsa da, onlara tamaşaçı cəlbi üçün efirlərdə və sosial şəbəkələrdə geniş təbliğat aparılmalıdır.

Təəssüflər olsun ki, teatrlarımızda intriqalar yaradıcılığı kölgədə qoyub. Yaradıcı mühitdə intriqaya yer olmamalıdır. İntriqa boşluqdan və fəaliyyətsizlikdən yaranır. Əvvəllər də böyük sənətkarlar arasında müəyyən fikir ayrılıqları olub, lakin o intriqalar yaradıcılığa mane olmayıb. Əks halda, bu gün vaxtilə sevə-sevə izlədiyimiz o məşhur tamaşalarımız barədə bu qədər maraqla danışmazdıq.

Teatrımızın günündə neqativə köklənmək istəməzdik. Çox arzu edərdik ki, bu gün yaddaşıma məhz “hadisəyə” çevrilən bir tamaşa ilə yazılsın. Amma arzulamaq azdır; əsas olan bu arzunu reallaşdıra biləcək rejissorlardır. Bizə isə yalnız ümid etmək qalır. Odur ki, teatrımızın günündə bilmirik sevinək, yoxsa kədərlənək?

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05