Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov ölkədə təqaüdçülərin və Qarabağ müharibəsi veteranlarının sayının “şişirdildiyini” iddia edib.
Yenicag.az xəbər verir ki, Siyavuş Novruzov bu məsələ ilə bağlı şübhələrini “Yeni Müsavat” qəzetinə müsahibəsində belə ifadə edib:
“Azərbaycanda 1 milyon 350 min pensiyaçı var. Azərbaycan əhalisinə görə iş qabiliyyətli insanları götürdükdə təxminən 350 min təqaüdçü olmalıdır. Ancaq bu qərəm 4 dəfə artıqdır.
Azərbaycanda müharibə veteranlarının sayı 90 minə çatıb. 90 min iki ordu deməkdir. O boyda Əfqanıstanda qulluq edən sovet ordusunun tərkibində 45 min hərbçi vardı.
Amma bizdə 90 min veteran var, guya Qarabağ müharibəsində iştirak ediblər. O vaxt batalyondan böyük ordu forması yox idi. Ancaq kim ordan keçibsə, adını yazdırıb. Beləcə, haqqı olanın da haqqı itib”.
Göründüyü kimi, Novruzov bu fikirləri ilə ölkədə faktik təqaüdçülərlə Qarabağ müharibəsi veteranlarının sayını ciddi şübhə altına alıb. Lakin o, nədənsə, istər təqaüdçülərə, istərsə də veteranlara o statusun dövlətin rəsmi qurumları tərəfindən verildiyini “nəzərə almayıb”.
Yəni onun dediyi kimi, ortada bir saxtarkarlıq varsa, buna görə məsuliyyət də o sahəyə aid məmurların üzərinə düşür. Ancaq millət vəkili bu barədə danışmasa da, hər iki sahəyə mənsub ekspertlər saytımıza açıqlamalarında təqaüdçülərin və Qarabağ veteranlarının sayının necə “şişirdildiyini” izah etməyə çalışıblar.
YAP-çı deputat Siyavuş Novruzovun ölkədəki təqaüdçülərin sayının normadan 4 dəfə çox olması haqda fikrini Yenicag.az-a şərh edən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov maraqlı detallara toxunub. Onun sözlərinə görə, ölkədə təqaüdçülərin sayının bu qədər çox olması geniş saxtakarlıq hallarının nəticəsidir:
“Bəli, əhalinin sayına görə baxıldıqda, o rəqəm – 1 milyon nəfər təqaüdçünün olması əlbətə ki, çoxdur. Bu, əmək müqaviləsi ilə işləyən əhalinin sayına yaxındır.
Başqa sözlə desək, təsəvvür edin ki, əmək müqaviləsi ilə işləyən minimal nisbətdə 120 nəfər 100 təqaüdçünü, belə deyək, saxlayır. Bu isə normal hal deyil və ciddi problemdir.
Digər tərəfdən, götürəndə, bu göstəriciləri bizdən də pis olan ölkələr var. Adətən, bu tip ölkələrdə əlilliyin müəyyənləşdirilməsində ciddi qüsurlar var.
Burada əhalinin yaş həddinin təsirini də nəzərə almaq lazımdır. Məsələn, Avropanın əksər ölkələrində əhalinin yaşlı təbəqəsi ümumi nisbətdə ciddi üstünlük təşkil edir.
Lakin Azərbaycanda yaşı 18-ə qədər olan insanların sayı əhalinin 40 faizi civarındadır. Yəni əhalimiz kifayət qədər gəncdir. Bununla belə, ölkədə 1 milyon 350 min təqaüdçünün olması normal hal deyil.
Bu isə o deməkdir ki, bizdə bir çoxları əlillik adı ilə təqaüdçüyə çevrilib. Dediyimiz problem isə aradan qalxmaq əvəzinə, daha da kəskinləşib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində uyğun şöbə yaradılsa da, bunun problemin həllinə köməyi olmadı. Diqqətlə araşdırılsa, bu məsələdə səlahiyyətli şəxslərin nə qədər saxtakarlıq etdikləri ortaya çıxar.
Məsələnin digər tərəfi isə bundan ibarətdir ki, əlilliyin müəyyən edilməsi kriteriyaları da qüsurludur və bu problem də həll edilməlidir. Ölkədə xeyli insan var ki, haqları olduqları halda əlillik dərəcəsi ala bilmirlər. İş təkcə saxtakarlıqda deyil, burada xeyli mürəkkəb məsələlər var.
Doğrudur, Azərbaycanda yaşa görə qanuni təqaüdə çıxan insanlar var. Eyni zamanda, təqaüdçülərin bir qismini peşə xəstəliyi və digər səbəblərə görə işləməyən insanlar da təşkil edir.
Burada əsas diqqət problemi yaradan səbəblərə yönəlməlidir. Məsələn: əhalinin işləyən qisminin bir çoxu əmək müqaviləsi olmadan çalışır. Yəni qeyri-formal əmək bazarı hələ də mövcuddur.
Əgər işləyən əhalinin daxilində 1 milyon şəxs əmək müqaviləsi olmadan fəaliyyət göstərirsə, bu, o deməkdir ki, Sosial Müdafiə Fonduna il ərzində təqribən 1 milyard yarım az vəsait daxil olur.
Qeyri-əmək bazarının ləğvi istiqamətində son illərdə atılan addımlar isə uğursuzdur. Çünki əsl səbəbi müəyyən etmədən, problemi aradan qaldırmaq mümkün deyil”.
Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov isə Yenicag.az-a açıqlamasında deputat Siyavuş Novruzovun veteranların sayı haqqında fikrini inandırıcı sayır. Əsədov da hesab edir ki, Qarabağ müharibəsi veteranlarının sayı iddia edildiyi kimi, 90 min nəfər deyil:
“Ölkədə təxminən 13 min nəfər Qarabağ Müharibəsi əlili və 14 min də şəhid ailəsi var. Həqiqətən də bir neçə il əvvəl Qarabağ veteranlarının sayının 90 min nəfər olduğu bildirilirdi.
Yəni cəbhə bölgəsinə ezamiyyətə gedən və yardım aparanlar da qayıtdıqdan sonra özlərini veteran kimi qələmə verirdilər. Sonra aydınlaşdırıldı ki, o adamlar əslində, veteran deyillər.
Hətta bir müddət əvvəl Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli müəllim də açıqlamışdı ki, ölkədə 60 min nəfərə yaxın veteran var. Onun dedikləri həqiqətdir.
Mən də düşünürəm ki, 90 min veteranın olması absurddur, onların sayı 60 minə yaxındır. Ancaq qeyd etdiyim kateqoriyaya aid adamların bir çoxu rəsmən veteran statusunu daşıyırlar.
Müdafiə Nazirliyinin veteranlarla bağlı idarəsi var – həqiqətən müharibədə iştirak edən və veteran statusu alan vətəndaşların dəqiq sayı mövcuddur. Bu məsələdə dəqiq sözü də onlar deyə bilərlər.
Bizim təşkilata da çox sayda müharibə iştirakçısı müraciət edərək, veteran statusu ala bilmədiklərini deyirlər. Ancaq o şəxslər müxtəlif ictimai birliklərin, veteran təşkilatlarının üzvlüyünə qəbul edilir, veteran vəsiqəsi gəzdirirlər.
İctimai birliklərdə o adamların sənədlərinə baxır, hərbi biletində döyüşlərdə iştirak etdiyi təsdiqlənən şəxslərə təşkilatın vəsiqəsini verirlər. Bu proses şahidlərin iştirakı ilə həyata keçirilir. Belə olan halda da veteranların sayı bu cür çoxalıb. Ancaq yenə deyirəm, veteranların dəqiq sayını Müdafiə Nazirliyi açıqlaya bilər. Çünki veteran statusunu hərbi komissarlıqlar vasitəsilə bu qurum verir”.
A. Zeynalov
www.yenicag.az