Teymurləng taxtından imtina edən ŞƏXSİYYƏT: "Yeriniz çox görünür, BÖYÜK SƏNƏTKAR"
“Nəsimi” filmində Teymurləng roluna məhz o çəkilməli idi. Lakin özünü bu obrazda görmədiyi üçün təklifdən imtina edərək: “Bu rola Yusif daha uyğundur” deyir və obrazı həmkarı Yusif Vəliyevə ötürür. Baxmayaraq ki, həmin dövrdə onunla münasibətləri olduqca soyuq idi… Onun sənətkar böyüklüyü, eləcə də şəxsiyyətinin ucalığı məhz bu mərd xarakterində gizlənmişdi.
Söhbət Azərbaycan milli kino və teatr sənətində müstəsna xidmətləri olan dahi rejissor və unudulmaz aktyor Adil İsgəndərovdan gedir.

Onun haqqında danışarkən yalnız “mükəmməl rejissor” ifadəsi ilə kifayətlənmək olmaz. O, həm də sarsılmaz bir şəxsiyyət kimi xatırlanır. Sözünün ağası olan Adil İsgəndərov xarakteri, ağayanalığı və mənəvi ucalığı ilə nümunə sayılan əsl Azərbaycan ziyalısı idi.

Onun “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etdiyi dönəm milli kinomuzun “qızıl dövrü” kimi yaddaşlara həkk olunub. Məhz həmin illərdə bir-birindən möhtəşəm ekran əsərləri ərsəyə gəlmişdir. Adil İsgəndərova qədərki dövrdə film istehsalında qohumbazlıq və dostbazlıq meyilləri özünü büruzə versə də, o, rəhbər gəlişi ilə bu hallara son qoydu. Yalnız istedadı meyar seçərək, həqiqi sənətkarların yolunda yaşıl işıq yandırdı. Milli kinomuzun şedevrlərinin yaranması da məhz bu ədalətli yanaşmanın nəticəsi idi.

Adil İsgəndərovun quruluş verdiyi tamaşalar orijinallığı və monumentallığı ilə həmişə seçilib, teatr tariximizə yeni bir mərhələ kimi daxil olub. Cəmi bir bədii film çəkməsinə baxmayaraq “Əhməd haradadır?” elə bu tək əsərlə adını kino tariximizə əbədi yazdıra bilib.

Bu gün kinomuzun Adil İsgəndərov nəfəsinə, illərdir çəkiliş həsrəti çəkən “Kinostudiya”mızın isə onun kimi prinsipial bir rəhbərə böyük ehtiyacı var. Bir sözlə, yeriniz çox görünür, böyük sənətkar!
Cəvahir













