Tikritdə kütləvi məzarlıqlar aşkar edilib
İraqın şimalında yerləşən Tikrit şəhəri İŞİD yaraqlılarından geri alındıqdan sonra orada kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlarda keçən ilin yay aylarında qruplaşma tərəfindən qətlə yetirilmiş 1700 iraq əsgərinin basdırıldığı ehtimal edilir.
Yenicag.az azertac-a istinadla xəbər verir ki, məzarlıqlar əsasən ABŞ-ın keçmiş Kemp Spiçer hərbi bazasının yaxınlığında tapılıb. Onların bəziləri isə İŞİD-in bazasına çevrilən İraqın keçmiş prezidenti Səddam Hüseynin kompleksində yerləşir.
Qeyd edək ki, Tikritin İŞİD-dən geri alınması üçün martın 2-də başlayan əməliyyatlarda üçdə ikisi şiə könüllülərindən ibarət olan 30 min döyüşçü iştirak edib.
İraq ordusunun bundan sonra ölkənin ikinci ən iri şəhəri olan Mosula hücum edəcəyi gözlənilir. Lakin bu, elə də asan olmayacaq. Belə ki, İŞİD Mosulu İraqdakı əsas gücləndirilmiş bazasına çevirib.