Trampın hədə-qorxusunun PƏRDƏARXASI: "Məqsəd Türk dünyasının birləşməsini ləngitməkdir"
“Əgər İran dövləti Amerikanın nəzarətinə keçərsə, Turan İttifaqının yaradılmasına mane olacaq”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Politoloq son günlər Donald Trampın İranla hədə-qorxu dili ilə danışmağa çalışmasının pərdəarxası səbəblərini izah edərək qeyd edib ki, ABŞ-ın rəhbərliyi ilə İran əleyhinə geniş bir koalisiya yaradılıb:
“Məqsəd İranda sosial vəziyyəti gərginləşdirmək, inqilabi situasiya yaratmaq və hakimiyyət dəyişikliyinə nail olmaqdır. ABŞ uzun müddətdir ki, İrana zərbə endirmək üçün bəhanələr axtarır. Nüvənin zənginləşdirilməsini bəhanə edərək hərbi obyektlərə zərbələr endirildi, alimlər və generallar qətlə yetirildi.”
A. Məsiyev Amerikanın bölgədə çəkindiyi qüvvələrdən bəhs edərək bildirib ki, ABŞ üçün dünyada üç əsas təhlükə mənbəyi var: iqtisadi gücünə görə Çin, hərbi gücünə görə Rusiya və maliyyə gücünə görə avro. Bu strateji balansı qorumaq üçün Vaşinqton İranda idarəolunan bir rejim qurmağa çalışır:
“İran xam neftinin 70%-ni Çinə satır. Əgər hakimiyyət dəyişikliyi edilərsə, Çinə gedən enerji mənbələri kəsiləcək. Bu, Pekinə ağır iqtisadi zərbə vurmaq deməkdir. Digər tərəfdən, Şimal-Cənub dəhlizinin Amerikanın nəzarətinə keçməsi Rusiya üçün də ciddi məhdudiyyətlər yaradacaq.”
Ekspertin fikrincə, İranın coğrafi mövqeyi Türk dövlətlərinin birləşməsi üçün həlledici nöqtədədir:
“Türkiyə hazırda qlobal gücə çevrilib və Turan dövlətlərinin birliyi halında bu güc mərkəzi daha da böyüyəcək. ABŞ Türkiyənin bu yüksəlişinin qarşısını almaq üçün İranı bir “tampon zona” kimi istifadə etmək niyyətindədir. Amerikada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, əsas məqsəd İranı öz nəzarətlərinə keçirməklə Turan İttifaqının qarşısını kəsməkdir.”
Politoloq sonda xəbərdarlıq edib ki, ABŞ-ın İrana hər hansı quru müdaxiləsi regionu fəlakətə sürükləyə bilər:
“Təkcə nüvə obyektlərini vurmaqla hakimiyyəti dəyişmək mümkün deyil. Hazırda ABŞ İran ətrafına hərbi kontingent yığmaqla əzələ nümayiş etdirir, lakin Rusiya və Çin faktoruna görə hələ ki qəti addım atmaqdan ehtiyat edir.”
Nurlan Cəfəri












