Trampın Körfəz planı: "Məqsəd Səudiyyəni İranla toqquşdurmaqdır"
“Səudiyyə Ərəbistanı ilə Amerika konflikti baş tutarsa ölkənin adında sadəcə Ərəbistan qalacaq.”
Bu sözləri Yenicag.az-a politoloq Turan Rzayev bildirib.
Politoloq ABŞ prezidenti Trampın Səudiyyə Ərəbistanı kralı haqqında işlətdiyi ifadələrin sətiraltı mənasını və səbəblərini izah edib:
“Trampın Səudiyyə kralı ilə konflikti əslində uzun müddətdir gedən və indi üzə çıxmağa başlayan prosesdir. ABŞ və Səudiyyə Ərəbistan müttəfiq ölkələr sayılırlar. Məsələ ondadır ki, ABŞ üçün “müttəfiq” və “düşmən” ölkə yanaşması çox nisbi anlayışdır. Hər an ikisindən biri ola bilərsən. Məsələn, Bayden administrasiyası dövründə Səudiyyə ilə münasibətlər yaxşı idi amma Tramp isə səudiyyəlilərə qarşı yaxşı münasibət bəsləməyib. İrəli gedərək onu demək istərdim ki, bəlkə də İrandan sonra ehtimal hədəflərdən biri Səudiyyə idi. Ona görə ki, səud ailəsinin gücü, xüsusən də vəliəhd şahzadə Məhəmməd Bin Salmanın nüfuzunun artması, ölkəsində reformlar keçirməsi və ciddi şəkildə maliyyə, güc, enerji resurslarına sahib olması Amerikanı narahat edirdi. Sadəcə olaraq, ortaq düşmənlər faktoruna riayət edərək bu narahatlığı hiss etdirmirdilər.”
Politoloq Amerikanın körfəz ölkələrini müharibəyə sürükləməsinin boşa çıxdığını qeyd edib:
“Bu iki ölkə arasında gərginlik artarsa Səudiyyə Ərəbistanının gələcəkdə sadəcə Ərəbistan olacağını deyə bilərik. İran məsələsi regionı tamamilə dəyişdi. Körfəz ölkələri, ələlxüsus da Səudiyyə Ərəbistanı özü Amerikaya dəstək vermir. Maliyyə dəstəyi versə də İranla birbaşa toqquşmaya getmək istəmir. Trampın məqsədi o idi ki, Səudiyyə Ərəbistanı məzhəb məsələsinə görə İranla qarşı-qarşıya gəlməli idi. Halbuki, müharibədən bir qədər öncə faktiki olaraq Səudiyyə ilə İran arasında diplomatik təmaslar başlamışdı və bunun nəticəsi olaraq tərəflər arasında gərginlik müəyyən qədər səngimişdi. İndiki məqamda ABŞ istər Körfəz ölkələri, istərsə də regiondakı müttəfiqlərinin müharibəyə maliyyə ayırmasını və ya birbaşa qoşulmasını istəyirlər ki, hələlik Səudiyyə və digər ölkələr buna razı deyil. Trampın Səudiyyə kralına qarşı işlətdiyi ağır ifadələr də bununla əlaqəlidir.”
Nurlan Cəfəri













