"Trampın "Sülh Şurası"nın yeganə uğuru İlham Əliyevin yaratdığı sülhdür" - Hikmət Babaoğlu
“Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun artması, Prezident İlham Əliyevin sülh yaradan lider kimi fəaliyyətinin yüksək qiymətləndirilməsi deməkdir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O, Prezident İlham Əliyevin ABŞ səfərini və burada Prezident Donald Trampla birgə sülhyaratma əməkdaşlığını şərh edib.
Deputat bildirib ki, Azərbaycan Prezidentinin ABŞ səfəri və Donald Trampla keçirdiyi səmimi görüşlər mühüm hadisə kimi yadda qaldı:
“Bu gün ABŞ sülh yaratmaq üçün ayrıca təsisat – Sülh Şurası formalaşdırıb. Bir illik fəaliyyəti dövründə ABŞ-nin əldə etdiyi tək və yeganə qalıcı sülh məhz Azərbaycan və Ermənistan arasında oldu.
Bu, əslində ABŞ-nin Azərbaycanın sülh naminə müharibə apardığını və buna nail olduğunu qəbul etməsi deməkdir. Hətta ilk iclasda Azərbaycan və Ermənistan liderlərinin Sülh Şurasının fonunda şəkil çəkdirmələri rəsmi Vaşinqtonun bu sülhü öz Sülh Şurasının brendinə çevirmək istəyindən xəbər verir.
Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun artması, Prezident İlham Əliyevin sülh yaradan lider kimi fəaliyyətinin yüksək qiymətləndirilməsidir. Çünki Azərbaycan Prezidenti 44 günlük müharibə dövründə hər gün sülhə hazır olduğunu bəyan edirdi. Nəhayət, beş il sonra buna nail olundu və ABŞ-nin ‘bir nömrəli’ ofisində sülh sazişi paraflanmış oldu” – deyə o bildirib.
Nəsimi Ələsgərli













