“”Tufan” əməliyyatı Əli Ömərovun uydurması idi…”
Mühacirətdə olan məhşur polkovnik, Birinci Qarabağ Savaşının qəhrəmanlarından olan müdafiə nazirinin keçmiş müavini İsa Sadıqov son günlər Moderator.az-da Milli Qvardiyanın keçmiş komandiri Əzizağa Süleymanovun silsilə yayımlanan yazılarında onun da adının çəkilməsinə biganə qalmayaraq aşağıdakı məzmunlu cavab yazısını göndərib:
“Gəncə hadisələri ila bağlı 21 il davam edan “araşdırmalar” davam edir və o yazılarda yenə mənim və Qazax briqadasının adı hallanıb. Ona görə mən qısa da olsa cavab verməliyəm.
Sözün düzü, bu mövzuya qayıtmaq fikrində deyiləm. Ona görə ki, hər şey çoxdan bəllidir və bu haqda mən hələ 1993-cü ildə Milli Məclis tərəfindən yaradılmış komissiya üzvlərinə-Mətləb Mütəllimliyə, Mirmahmud bəyə, Aslan İsmayılova geniş izahatlar vermişdim.
1994 ildə Gəncə hadisələri ilə bağlı məhkəmədə də bütün məsələlərə aydınlıq gətirilib və mənim mətbuatda bu barədə gedən yazılarımda da həmin hadisələrə geniş yer verilib. Zabit şərəfimə and içib deyə bilərəm ki, nə o zaman, nə də son yazılarımda qeyri-dəqiq faktlar olmayıb və ola da bilməzdi.
İlk növbədə qeyd edilməlidir ki, Gəncə hadisələri əvvəlcədən hazırlanmış, planlaşdırılmış dövlət çevrilişi idi. Bu faktı kimsə dana və əksini mənə sübut edə bilməz.
İkincisi, heç bir “Tufan” əməliyyatı hazırlanmamışdı və keçirilməmişdi. “Tufan” əməliyyatı- Əli Ömərovun-ona Alik Çapayev də deyirlər-uydurması idi və bu “Tufan”dan ondan başqa kimsənin xəbəri olmayıb. Əgər belə bir əməliyyat olsaydı, mən bilərdim.
Üçüncüsü, orada söhbət 709 saylı briqadanın tərksilah olunmasından gedirdi va buna əsaslar da var idi. 709 saylı briqada isə heç kəsə tabe olmayıb silahları təhvil verməkdən imtina edirdi. Və 4 iyunda Maqomed Ramaldanov əmri 709-un komandirinə çatdırıb və silah–sursatları qəbul etməli idi. Bu da bəlli idi ki, 709 öz xoşuyla silahları təhvil verməyəcək və belə halda bəzi tədbirlər görülürdü və görülməli idi. Amma briqada komandiri Ramazan Maqomedov qaçmışdı və heç kəsə heç bir məlumat vermədən qaçıb gizlənmişdi- o istefa verməmişdi qəttiyən. O əvvəldən 709-cu briqada ilə əlbir olub. 1994-cü ildə məhkəmədə o belə izah etdi ki, mən milliyətcə ləzgiyəm və bu işlərə qatılmaq istəmədim.
Dördüncüsü, 4 iyun 93-cü ildə səhər saat 5.30-da iddia olunduğu kimi heç bir hücum-filan olmayıb -bunu qəti olaraq bildirirəm və bunları sübut da etmişəm. Ona görə ki, mən orada olmuşam və saat 11-ə qədər nə bir dağıntı olub, nə bir yaralı. Bunlar da Əli Ömərovun uydurmaları idi. Mən səhər –səhər şəxsən briqada komandiri Eldar Əlievlə, onun zabitləri ilə görüşmüşəm, söhbət etmişik, onlar razılaşıb. Orada görüşdə, söhbətlərimizdə heç bir hücumdan, yaralıdan və sair söhbət olmayıb. Mən həmin hərbi hissədə idim və bu yazdıqlarımın canlı şahidiyəm.
Ölənlər barədə də yanlış rəqəmlər ictimai rəyə yeridilib. Bütün hadisələrdə Gəncədə 22 nəfər həlak olub-onlardan 18 nəfər prezident qvardiyasından, iki nəfər mülki şəxs, Mehman Ələkbərov və Müşfiq Məmmədov. Bunların hamısı da 709 saylı briqada tərəfindən öldürülüb – bunlar təsdiqlənmiş faktdır. Qazax briqadası orada olmayıb qətiyyən və ola bilməzdi-olsaydı o briqadanın qarşısını heç kəs ala bilməzdi.
O ki, qaldı yenə də ölənlərin sayı ilə bağlı yayılan şayiələrə, bunlar da Əli Ömərovun uydurmalarıdır. Hələ nə həmin hadisələr başlamışdı, nə də bitmişdi, amma yadınızdadırsa Milli Məclisdə 69 nəfərin həlak olması barədə bağırırdılar. Bəzi üzdəniraqlar məhz 69 nəfərin ölməsini israrla ictimai rəyə yeritmək üçün əllərindən gələni edirdilər. Mənə onda da, sonralar da çox maraqlı idi ki, niyə 100, yaxud 200 deyil, 69 nəfərin qətlə yetirilməsi üzərində daha çox dayanılır? Çox təəssüflər ki, bəzi qaranlıq məqamlara heç indi də aydınlıq gətirə bilmirəm. Ona görə ki, görüşdüyüm, söhbətləşdiyim bəzi adamlar artıq dünyasını dəyişib və ya bəziləri barədə fikir bildirib onları yandırmaq, zərbə altında qoymaq istəmirəm. Sadəcə bunu bildirmək istəyirəm ki, bu 69 rəqəmini araşdıranda YAP-ın yaradıcılarından və “91-lər”dən olan bir nəfərlə aramızda maraqlı söhbət olmuşdu. O müharibə vaxtı zaman-zaman bizim bölgələrə gələrdi və görünür o vaxtlar mənə qarşı münasibəti də pis olmayıb, çünki həmişə mənə hörmətlə yanaşıb. Ondan niyə məhz 69 nəfərin olmasını israrla soruşanda cavab vermədi, ancaq “69-cu il” yazmaqla kifayətləndi. Əminəm ki, indi çox şeyə aydınlıq gəldi. Yenə deyirəm, o hadisələrdə cəmi 22 nəfər həlak olub, 18 nəfər silahsız qvardiyaçı vəhşicəsinə öldürülüb hamının gözü qabağında və 21 il ərzində bu cinayəti açan olmayıb və açmaq fikirində deyillər. Ona görə ki, o qan tökülməliydi, Elçibəy getməli və yerinə Əliev hakimiyyətə gəlməli idi. Necə olur ki, bir qram narkotiki jurnalistlərin, gənclərin cibindan tapırlar, 18 nəfər azərbaycanlı balalarını güllələyənləri indiyə qədər tapmayıblar? Deməli, bu qırğınlar lazım idi ki, çevriliş asan baş tutsun. O çevrilişin arxasında duran yerli və xarici qüvvələrin kimliyini də hamı bilir, əlavə sözə məncə ehtiyac yoxdur. Bəzi məsələlərə bəlli səbəblərdən toxunmamışam və toxuna bilmirəm, onlar əsas deyil, əsas bu faktlardı…”