“Türkiyə padşahlıq üsul-idarəsinə doğru gedir”
Dünən Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçirilib. Ankarada Çankaya köşkündə baş tutan mərasimdə Azərbaycanı baş nazir Artur Rasizadə təmsil edib.
Məlumat üçün qeyd edək ki, cari ilin 10 avqust tarixində keçirilən prezident seçkilərində 52% səslə qalib gələn Ərdoğanın prezidentliyi nə Türkiyə, nə də dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmış deyil. Belə ki, Ərdoğanın bugünə qədər baş nazir olaraq Türkiyənin iqtisadi baxımdan yüksəlişində mühüm rol oynadığı etiraf edilsə də, onun siyasi müstəvidə ciddi sapmalara yol verdiyi iddia olunur.
Açıqlama verən politoloq Qabil Hüseynli də hesab edir ki, Ərdoğanın Türkiyədəki parlament üsul-idarəsini prezidentliklə əvəz etməsi, bu istiqamətdə ciddi addımlar atması bu ölkənin gələcəyi baxımından yaxşı heç nə vəd etmir:
“Türkiyə uzun müddətdir ki, parlamentar sistemlə idarə olunur və bu, cəmiyyətin şüurunda özünə möhkəm yer edib. Çoxpartiyalı siyasi sistemdə, siyasi plüralizmdə demokratiyanın Şərq-islam variantı az-çox parlamentar sistemin hesabına yaranıb, formalaşıb. Amma ölkə indi birdən-birə prezident üsul-idarəsinə keçir. Bir şəxsin hakimiyyəti yaranmağa başlayır. Özünün yaxın adamını, itaətkar bir şəxsi baş nazir qoyub. Bu, o deməkdir ki, baş nazir vəzifəsini də özü icra edəcək. Yəni baş nazirə lazımi təlimatları da özü verəcək. Parlament seçkilərindən sonra ölkədə referendum keçirilməli, referendum nəticəsində ölkənin siyasi sisteminin dəyişilməsi və prezident üsul-idarəsinə keçilməsi haqqında ümumxalq rəyi ifadə olunmalı idi. Bu, hələ olmayıb. Lakin artıq Türkiyənin yeni prezidenti bu istiqamətdə bir sıra əməli addımlar atmaqdadır”.
“Ərdoğan təkbaşına olaraq hakimiyyətin bütün ünsürlərinə nəzarət edəcək”
Politoloq Ərdoğanın Əhməd Davudoğlunu baş nazir postuna gətirməsinin də təsadüf olmadığını, bu təyinatın yeni prezidentin maraqları baxımından həyata keçirildiyini vurğuladı:
“Kifayət qədər müstəqil olmayan şəxsi baş nazir qoyması Ərdoğanın gələcək məqsəd və fəaliyyəti ilə bağlı heç də az şey demir. Yeni baş nazir isə öz gələcək fəaliyyəti, plan və proqramı ilə bağlı açıqlama verərkən ilk növbədə Fətullah Gülənin adamlarına qarşı mübarizə aparacaqlarını bildirir. Xalqın maddi rifahını yüksəltmək, Türkiyəni bölgənin liderinə çevirmək, ölkənin həll edilməyən problemlərini həll etməyi ön plana sürmək əvəzinə daxildə vətəndaş qarşıdurması ideologiyasına söykənən ideyanı hökumət proqramıəın başlıca müddəası kimi irəli sürür. Bir politoloq və siyasi təhlilçi kimi bu mənim üçün o qədər də anlaşılan deyil. Ərdoğan bundan sonra hakimiyyətin bütün fraksiyalarını əlində toplayacaq. Təkbaşına olaraq hakimiyyətin bütün ünsürlərinə nəzarət edəcək”.
Parlament üsul-idarəsindən padşahlıq sisteminə doğru
Q.Hüseynlinin qənaətincə, Ərdoğanın həyata keçirdiyi siyasi kurs Türkiyəni faktiki olaraq Osmanlı dövründəki padşahlıq üsul-idarəsinə aparır:
“Bu gün Türkiyədə “sağ ol padişahım”, “qibleyialəm” ifadələri geniş yayılıb. İnsanların çoxu belə bir fikirdə yekdildir ki, bu cür idarəçilik sistemi Türkiyəni Osmanlı dönəmində olduğu kimi padşahlıq sisteminə aparır. Belə olan şəraitdə inanmıram ki, Türkiyə Yaxın Şərqin və müsəlman dünyasının ən demokratik ölkəsi adını daşımaqda davam edə bilsin”.
Ekspertin bildirdiyinə görə, Ərdoğan mövcud müxalifəti ləğv edəcəyi və Türkiyədə yeni müxalifət formalaşdıracağı ilə bağlı fikirlər səsləndirib ki, bunlar kimsənin demədiyi və deməməli olduğu fikirlərdir:
“Hesab edirəm ki, yaxın gələcəkdə Türkiyədə siyasi partiyalar sisteminin tənəzzülünün əsası qoyula bilər. Ərdoğan öz çıxışında bildirdi ki, yeni müxalifət yaradacayıq. Bu, heç kimin deyə bilmədiyi və deməyə haqqı olmadığı sözlərdir. Qaribanların göz yaşını siləcəm, insanlara əkmək verəcəm, iş verəcəm, bu ölkəni bəxtiyar bir ölkəyə çevirəcəm demək əvəzinə deyir ki, F.Güləni əzəcəm, müxalifəti əzəcəm və s”.