Türkiyə-Yunanıstan liderləri görüşür: Dendiasın yoxluğu nəyin mesajıdır? – ŞƏRH
“Mövcud şəraitdə tərəflər qarşıdurmadan çox, idarəolunan münasibətlər modelinə üstünlük verməyə çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli araştırmaçı jurnalist Sena Darbaz deyib.

O, Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Ankarada Türkiyə və Yunanıstan liderləri arasında keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüşə qatılmamasının yeni münaqişə yaratma ehtimalı barədə fikirlərini bölüşüb.
S.Darbaz bildirib ki, Kiryakos Miçotakisin Ankaraya səfəri Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində baş tutur və geniş heyətlə gəlməsi Afinanın dialoqa açıq olmaq istədiyi mesajını verir:
“Lakin diqqətçəkən məqam müdafiə naziri Nikos Dendiasın heyətdə yer almamasıdır. Rəsmi səbəb kimi Brüsseldəki iclas göstərilsə də, bu yoxluq siyasi seçim kimi qiymətləndirilir. Belə bir addım səfərin daha sakit və nəzarətli atmosferdə keçməsi niyyətini nümayiş etdirir.
Dendias Yunanıstan siyasətində sərt və Türkiyə əleyhinə ritorikası ilə tanınır. Onun əvvəlki çıxışları iki ölkə arasında gərginliyi artırmışdı. Miçotakisin onu Ankaradakı görüşlərə daxil etməməsi müdafiə mövzusunun ön plana çıxarılmaması və ritorikanın yumşaldılması istəyi kimi görünür. Bu, Afinanın daxili siyasətdə istifadə olunan sərt tonu müvəqqəti olaraq kənarda saxlamaq cəhdi təsiri bağışlayır.
Türkiyə baxımından əsas məqsəd gərginliyi artırmaq deyil, problemləri idarəolunan çərçivədə saxlamaqdır. Egey dənizi, Şərqi Aralıq dənizi və təhlükəsizlik məsələləri masada qalır, lakin prioritet böhranı böyütmək yox, nəzarətdə saxlamaqdır. Dendiasın yoxluğu dialoq imkanlarını nisbətən gücləndirən amil kimi qiymətləndirilə bilər.
Ümumilikdə, səfər iki ölkə arasında böyük dönüş nöqtəsi deyil, amma ritorikanın tonunun tənzimlənməsi baxımından əhəmiyyətlidir. Türkiyə son illərdə müdafiə və diplomatiya sahəsində artan təsir gücü ilə daha sabit mövqe nümayiş etdirir. Mövcud şəraitdə tərəflər qarşıdurmadan çox, idarəolunan münasibətlər modelinə üstünlük verməyə çalışır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













