“Türkiyəni xərçəng hüceyrələrindən təmizləyəcəyik”-Ərdoğandan Gülənə yeni mesaj
Bu gün Ankarada, Ədalət Akademiyasının açılışında çıxış edən Türkiyə Prezidenti Ərdoğan maraqlı məqamlara toxunub. Yenicag.az xəbər verir ki, Ərdoğan çıxışında BMT-nin Təhlükəsizlik Şurasına toxunub: “Dünya beşdən böyükdür və hər şey beş daimi ölkənin qərarına təslim edilə bilməz. Bunun dəyişməsi lazımdır. Suriyada 350 min insan ölür, 7 milyon insan qaçqın düşür. Ancaq iki ölkə Suriya ilə əlaqədar qərarın çıxarılmasına maneə törədir və o insanların haqqları pozulur. Budurmu ədalət?”
Hüquq sistemindən danışan Türkiyə Prezidenti 17-25 dekabr hadisələrindən də danışıb. “Ölkəmiz 17-25 dekabr tarixlərində bir fəlakət yaşadı. Dövlət içində bir şəbəkə polis və məhkəməni ələ keçirib ölkəyə xəyanət etdilər” deyən, Ərdoğan Fətullah Gülən Şəbəkəsini növbəti dəfə dövləti ələ keçirməkdə ittiham edib.
Gülənin bir sıra prokurorları ələ alaraq, Türkiyə dövlətini ələ keçirməkdə ittiham edən Ərdoğan “İnsan öz iradəsini Allahdan başqasına təslim etməməlidir. Nə prezidentə, nə baş nazirə, nə də para babalarına… Təslim etməmişsə, yaradılmışların ən şərəflisidir. Ağlını və vicdanını başqasına təslim etmiş şəxslərdən hakim-prokuror olmaz”.
Türkiyə prezidenti daha sonra özünün həbs olunduğu illəri də xatırladıb: “Mənim hüququmu qanuni bir tənzimləmə qorumursa, buna hüquqmu deyilir? Mən oxuduğum bir parça şeirə görə, həbs olundum. Vəkillərimə mənim əleyhimə işləmələri üçün çox çirkin təkliflər edirdilər. Eynilə, Paralel Şəbəkənin 17-25 dekabrda təlimatı ilə hərəkət edən hakim-prokurorlar kimi… Ağlını və vicdanını başqasına vermiş adamdan ədalət keşikçisi olmaz”.
Prezident çıxışının sonunda “2023, 2071 hədəfləri istiqamətində bir olmalıyıq. Hər zaman milli iradənin yanında olmalıyıq. Yeni Türkiyəni xərçəng hüceyrələrindən təmizləyəcəyik”.
Yenicag.az