“Rusiya-Ukrayna müharibəsinin miqyası bir qədər də genişlənib. Bu da Rusiyanın hərbi ehtiyaclarından yaranan bir amildir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Rusiya yeni müttəfiqlər axtarır:
“Belə ki, Rusiya Şimali Koreya və Vyetnamla danışıqlar apararaq müxtəlif razılaşmalar əldə edir. Təbii ki, bu razılaşmlar yeni texnikalar və canlı qüvvə ilə bağlıdır. Rusiyanın bu addımı müharibənin miqyasını böyütməklə yanaşı, digər qonşu dövlətləri də müharibəyə sövq etməyə xidmət edir. Hətta bu barədə Cənubi Koreya da müxtəlif addımlar atmaq istəyir, bu da öz növbəsində Ukrayna üçün böyük təhlükədir”.
Politoloq müharibənin gedişatında NATO və digər dövlətlərin rolundan da söhbət açıb:
“Təbii ki, müharibədə müxtəlif dəyişikliklərin baş verməsi daha çox NATO və digər Qərb dövlətlərindən də asılıdır. Çünki onlar Ukraynaya olan dəstəklərini daim göstərirlər. Digər bir tərəfdən, ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə olan yanaşması da fərqli bir aspekt ola bilər. Təbii ki, bu da öz növbəsində Ukrayna və Avropa dövlətlərini təhlükə altına salır. Onun üçün də hazırda Avropada bir çox dövlətlərin öz silahlı qüvvələrini Ukrayna ərzinə yönəltmək fikirləri də mövcuddur”.
“Sözsüz ki, belə bir siyasi quruluşa Rusiya cavabsız qalmayacaq. Müxtəlif reaksiyalara, adekvat addımlara əl atacaqdır. Bu da, təbii ki, Üçüncü Dünya müharibəsi üçün yeni bir zəmin rolu olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az