Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilir
Oktyabrın 26-da Ukrayna Ali Radasına növbədənkənar seçkilər keçirilir. Seçki məntəqələri yerli vaxtla saat 08:00-də (Bakı vaxtı ilə saat 10:00) açılıb.
Ukrayna parlamentinə 225 deputat proporsional sistem üzrə – partiya siyahılarına əsasən seçiləcək. Seçki kampaniyasında iştirak etmək üçün hər siyasi qüvvə təxminən bir milyon qrivna məbləğində girov ödəməli olub. Siyasi partiyanın Ali Radaya keçməsi üçün o, seçicilərin ən azı 5 faizinin səsini toplamalıdır.
Deputatlığa namizədlər daha 194 deputat yeri uğrunda majoritar dairələrdə mübarizə aparacaqlar. Məlum hadisələrə görə, Krım üzrə 12 və Donbas üzrə 19 seçki dairəsində seçkilər keçirilmir. Majoritar dairələrdə seçki kampaniyasına qoşulmaq hüququ əldə etmək üçün namizədlərin hər biri 10 min qrivna məbləğində girov ödəyiblər.
Ukrayna parlamentinə növbədənkənar seçkilərdə 29 partiya və 1401 majoritar namizəd iştirak edir.
Seçki məntəqələri yerli vaxtla saat 20:00-a qədər (Bakı vaxtı ilə saat 22:00) işləyəcək. (azertag.az)