Bəzi təhsil müəssisələrində işlərin dəyəri əsassız olaraq şişirdilir, işə gəlməyən əməkdaşlara maaş ödənilir.
Azərbaycan Maliyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu fakt Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında aparılan nəzarəti tədbirləri nəticəsində aşkar olunub.
Təhsil Nazirliyinin tabeliyində olan ali və orta ixtisas təhsili müəssisələrində aparılan nəzarət tədbirləri ilə nəzarət obyektinin özünün maddi-texniki bazasının və kadr potensialının olmasına baxmayaraq, elektron şəbəkə vasitəsilə keçirilən imtahanlar üçün istifadə olunan proqram təminatının tətbiqi sahələrinin genişləndirilməsinə, yazılı imtahanların təşkili, qiymətləndirmə üsullarının dəqiqləşdirilməsi və yazılı imtahan biletlərinin mərkəzi sistem vasitəsilə avtomatik hazırlanmasının həyata keçirilməsi üçün “TEST Virtual Təhsil Sistemi (imtahan) proqramı”na xidmət üçün kənar təşkilata hər il xeyli məbləğdə vəsait ödənildiyi, liftlərə xidmət üçün özünün kifayət qədər işçilərinin, o cümlədən texniki işçilərinin olmasına baxmayaraq, liftlərin istismarına texniki xidmət adı ilə kənar təşkilata xeyli məbləğə vəsait ödənildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən alındığı, yerinə yetirilməsi sənədləşdirilmiş işlərin dəyərinin əsassız olaraq şişirdildiyi və bu hesaba podratçı təşkilatlara artıq vəsait ödənildiyi, büdcədənkənar vəsaitlərin uçotunun aparılmadığı və mədaxil edilmədən müxtəlif məqsədlərə xərcləndiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar olunub.
Təhsil Nazirliyinin rayon (şəhər) təhsil şöbələrində aparılan nəzarət tədbirləri ilə müvafiq qaydada uşaqların sayı üçün müəyyən edilən həddə əməl edilmədən əlavə sinif kompleklərinin təşkil edildiyi, müvafiq ixtisas təhsilli müəllim olmadığı halda siniflərin iki hissəyə bölündüyü, məktəbdənkənar müəssisələrdə fakültativ və dərnək məşğələlərinin keçirilməsi jurnallarla təsdiq edilmədiyi halda həmin məşğələlərə görə əməkhaqqının ödənildiyi, pedaqoji işçilərin aylıq ödəniş dərəcələrinin yüksək göstərilməsi hesabına onlara xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, mövcud qaydaların tələblərinə zidd olaraq bəzi fənlərin tədrisinin müvafiq ixtisas təhsili olmayan müəllimlərə həvalə edildiyi, faktiki olaraq işə gəlməyən işçilərə əməkhaqqı ödənildiyi, işçilərin razılığı olmadan onların əməkhaqlarından tutularaq vəsaitin müxtəlif qurumlara köçürüldüyü, ezamiyyə xərcləri barədə müvafiq normalara əməl etmədən işçilərə artıq ezamiyyə xərclərinin ödənildiyi və digər bu kimi nöqsanlara yol verildiyi müəyyən edilib.
Bundan başqa, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının tabeçiliyində olan elmi tədqiqat institutlarında aparılan nəzarət tədbirləri ilə “Dövlət satınalmaları” haqqında qanunun tələblərinə zidd olaraq satınalma metodlarından istifadə etmədən malların (iş və xidmətlərin) satın alındığı, bəzi hallarda müvafiq xərc maddələrində nəzərdə tutulan vəsaitlərin hissələrə bölünərək tender əvəzinə kotirovka sorğularının keçirildiyi, beynəlxalq konfransların keçirilməsi ilə əlaqədar hədiyyələrin paylanması və ziyafətlərin verilməsi barədə tərtib edilən hesabatlara Azərbaycan tərəfindən iştirak edən şəxslərin də adlarının daxil edildiyi, ezamiyyə qaydalarının pozulması hesabına artıq ezamiyyə xərclərinin ödənildiyi və mühasibat uçotunun tələb edilən səviyyədə aparılmadığı kimi nöqsanlara yol verilib.
www.yenicag.az