Sağlam uşaq sağlam gələcək deməkdir. Övladlarımızın sağlamlığı isə bizim üçün çox önəmlidir.
Amma bəzən valideynlər uşaqlarının davranışındakı qüsurları görə bilmir, ya da görüb də əhəmiyyət vermirlər. Məsələn, tutaq ki, uşaq barmağı ilə nəyisə göstərmir. Sən demə, bu, ciddi bir əlamətdir. Nəyin?
Sualımızı məşhur klinik-psixoloq, “Müasir Psixologiya Mərkəzi”nin rəhbəri Aidə Sübhan cavablandırır:
“Adətən, uşaqların inkişafında müəyyən problem olduqda, özünə qapanmada və yaxud da autistik spektr əlamətləri müşahidə etdikdə həmin uşaqlar ümumiyyətlə, işarət barmağı ilə hər hansı bir əşyanı, heyvanı göstərə bilmirlər. Və ya göstərmək istəmirlər. Belə olan halda onlar valideynə yanaşır, onun əlindən tutub, istədiyi yerə aparır və həmin əşyaya valideynin barmağı ilə toxunurlar. Əgər uşağınızda belə bir problem sezmisizsə, mütləq şəkildə peşəkarlara müraciət edin. Övladınızı müayinədən keçirin. Və onun sağlamlığına əmin olun. Yadda saxlayaq: vaxtında qoyulan diaqnoz və düzgün aparılan müalicə problemin də vaxtında aradan qalxmasına kömək edər. Uşaqların inkişafında laqeydliyə yol vermək olmaz.
www.yenicag.az