Valyuta ehtiyatlarımız manatın sabitliyi üçün tam xərclənə bilər
Mart ayında bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən ayın demək olar ki, yarısında valyuta birjasının və bankların fəaliyyət göstərməməsinə baxmayaraq, kəskin devalvasiyadan sonrakı ayda Mərkəzi Bank tərəfindən valyuta bazarına 600 milyon dollarlıq müdaxilə heç də yaxşı perspektiv vəd etmir-bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
“Hazırda valyuta bazarında və pul kütləsinin tənzimlənməsində yaranmış situasiya Mərkəzi Bankdan daha operativ və çevik qərarlar qəbul etməyi, strategiyasına və pul-kredit siyasətinə yenidən baxmağı tələb edir. Əks tədqirdə, xüsusilə də dollara olan ajiotajlı tələbdən doğan psixoloji təzyiqin artması və neftin qiymətinin ucuzlaşmasından qaynaqlanan iqtisadi təzyiq vasitələrinin getdikcə aktivləşməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının sürətlə azalmasına və sıfırlanmasına gətirib çıxara bilər. Çünki, müşahidələr göstərir ki, bu şəraitdə və indiki şərtlər daxilində hətta ucuz məzənnənin də sabit saxlanması həmişə bazara fasiləsiz valyuta müdaxiləsini zəruri edəcək”-deyə ekspert sözlərinə əlavə edib.