ABŞ-da sutkalıq neft ixracı 2 milyon barelə çatıb. Bu proses görəsən, neftin qiymətinə nə kimi təsir göstərəcək? Hazırda bareli 60 dolları keçən neft qiymətlərində ucuzlaşma baş verə bilərmi?
Neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ sutkalıq neft ixracı üzrə hasilatı 2 milyon barelə çatdırmaqla Vyana paktının effektivliyini heçə endirib:
“Öncə onu qeyd edim ki, hazırda neft bazarında yaranan vəziyyət bir neçə fundamental səbəblə bağlıdır. Baxmayaraq ki, neftin qiyməti 60 dollarlıq psixoloji həddi keçib, lakin bu, heç də neft bazarında mövcud olan fundamental səbəblərin nəticəsi deyil. Bu artım birbaşa olaraq, Vyana paktına qoşulan OPEK və ondan kənar neft ölkələri rəsmilərinin mütəmadi olaraq, dezinformasiya məqsədi daşıyan məlumatları ilə bağlıdır. Həmçinin, belə proqnozlaşdırılırdı ki, ilin sonuna kimi ABŞ-da sutkalıq neft hasilatı bir qədər də artacaq. Tropik qasırğalardan öncə ABŞ-da sutkalıq neft hasilatı 9,5 milyon barel civarında qərar tutmuşdu.
Qazma aktivliyi də mütəmadi olaraq davam edirdi. ABŞ-da bir-birini əvəz edən tropik qasırğalar olmasaydı, ölkədə sutkalıq neft hasilatı bugünki səviyyədə olmayacaqdı. Eyni zamanda, qazma aktivliyi nəzərə çarpacaq dərəcədə çox olacaqdı. Lakin təbii şəraitlə bağlı olaraq bu məsələ öz həllini tapmadı. Neft bazarında qiymət tendensiyası isə artmaqda davam edir. Amma bunun özü də qısa müddətli perspektivdə mümkün olacaq. Neft müqavilələrinin artma potensialı azalacaq. Neftin qiymətini təhdid altına alan məqamlardan biri də budur. Kanadada da yaxın dövrdə qazma aktivliyi 2017-ci illə müqayisədə 5 faiz artacaq. Bu o deməkdir ki, dünya bazarında yüngül və ağır neftin tarazlığı pozulmayacaq. Son dövrlər Səudiyyə Ərəbistanının ABŞ-a neft ixracatında ciddi dəyişiklik olub. İlin əvvəlində sutkalıq ixrac bir milyon barel civarında idisə, indi yarım milyon barelə düşüb. Baxmayaraq ki, Əl-Riyad ABŞ-ın neft ixracı portfelində 13 faizə sahibdir.
ABŞ-ın ixrac potensialında 7 faiz paya malik Venesuelanın da bu ölkəyə ixrac potensialı azalır. Əl-Riyad çalışırdı ki, ABŞ-a ixrac həcmini azaltmaqla, burada mövcud olan kommersiya təyinatlı neft ehtiyatlarında kifayət qədər azalmalara nail olsun. Amma bunun şahidi olmadıq. Azalma olsa da, ciddi deyil. ABŞ-da hazırda kommersiya təyinatlı neft ehtiyatları 450 milyon barreldən yuxarıdır. Bu rəqəm azı 350 milyona düşməlidir ki, beynəlxalq bazarda kifayət qədər canlanma müşahidə edilsin. ABŞ-da həmçinin, qazma aktivliyi davam edir. Burada aktiv qazma quyularının sayı 730 ədəddən çoxdur. 2018-ci ildə də qazma aktivliyi davam edəcək. ABŞ-da qazma quyularının sayı yalnız 300-dən az olduğu təqdirdə neft bazarında canlanma baş verə bilər. Bir maraqlı məqam da odur ki, neftin qiyməti bahalaşdıqca, ABŞ-da hasilat artacaq və ixracla məşğul olan şirkətlərin maliyyə axınına çıxış imkanları da genişlənəcək. Fikir verin, bazarda brent markalı neftin qiyməti 60 dollar arasında qərar tutduğu halda, ABŞ-da WTİ markalı neftin qiyməti 54 dollardır.
Yəni buradakı fərqin 6 dollardan çox olması imkan verir ki, ABŞ artıq öz ixrac potensialını artırsın. Bu səbəbdən də ABŞ-da sutkalıq ixrac artıq 2 milyon bareli keçib. Deməli, Vyana paktının effektivliyi tam olaraq heçə enib. Çünki onun şərtlərinə görə, pakta qoşulan dövlətlər gündəlik neft hasilatını orta hesabla 1,8 milyon azaltmalıdırlar. Amma bu fonda ABŞ bazara gündəlik 2 milyon barel neft çıxarır. Deməli, OPEK-in səyləri heç bir nəticə verməyəcək. O da faktdır ki, artıq beynəlxalq məsələlərdə neft özünün siyasi təsirini itirir. Neftin qiymətini təhdid altına alan məsələlərdən biri də budur”.
ELÇİN
www.yenicag.az