Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev səsi olmayan, qalmaqalla gündəmə gələn müğənniləri tənqid atəşinə tutub.
Yeniçağ.az-a açıqlama verən xalq artisti xüsusən də xanım sənətçilərə qalmaqal yaratmağı yaraşdırmadığını bildirib:
“Sovet vaxtı ustad sənətkarlar yığışıb Bədii Şurada müəyyən edərdilər ki, hansı müğənninin səsi var, hansının yoxdur. Onda hər adam asanlıqla musiqi aləmində görünə bilməzdi. İndi belə deyil. Səsi olmayan da aparatla oxuyur. Yaxud da sənəti olmadığı üçün başlayırlar gündəmə gəlmək üçün qalmaqal yaratmağa. Ən pisi budur ki, xanım sənətçilər bir-birini söyür, qalmaqal edir. Ayıbdır. Belə şeyləri bizim millətə yaraşdırmıram. Xanım xanımlığını saxlamalıdır. Bəylər də onlara hörmət etməlidir”.
Xalq artisti sponsor hesabına məşhur olan müğənnilərdən də danışıb:
“O boyda dünya şöhrətli Zeynəb Xanlarovanın sponsoru olmayıb. Öz səsi və sənəti sayəsində bütün dünyada tanınıb. Bu gün də səsi ilə hər kəsi valeh edir. İndi bəzi sənətçilər sponsorların hesabına reklam olunur”.
Cəvahir
Foto: Cəmalə
www.yenicag.az