Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti ölümdən döndü: “Mənə atəş açdılar...” - VİDEO

1898-ci ildə fotoqraf Mişon Bakıda “Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə aldı. Həmin tarix milli kinematoqrafiyamızın əsasının qoyulduğu gün kimi Ümummilli lider Heydər Əliyev tərəfindən əbədiləşdirildi. 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də ölkəmizdə Kino Günü qeyd olunur. Bu gün Azərbaycanda kino işçiləri bayram sevincini yaşayir.

Milli Kino Günündə xalq artisti, tanınmış aktyor Hacı İsmayılovun Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Hacı müəllim, ilk dəfə sizi bir aktyor kimi hansı rejissor kəşf edib?

– Rasim Ocaqov. Ömrümün sonuna qədər onun yaxşılığını unuda bilmərəm. Bu, danılmaz faktdır ki, Rasim müəllim məni beş filminə çəkərək, kinoaktyor kimi tamaşaçılara tanıdıb. Mən onun “Ad günü”, “Bağlı qapı arxasında”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” filmlərinə çəkiləndən sonra tamaşaçı sevgisi qazanmışam. O, mənim yalnız sənətdə deyil, həyatda da müəllimim olub. Hətta filmlərə çəkilməyəndə də maraqlanırdı ki, Hacı hardadır, teatrda hansı tamaşalarda oynayır və s.

– Sovet dönəmində çəkildiyiniz filmlərə görə, yəqin ki, aldığınız qonorar da yüksək olub?

– O vaxtlar çox cüzi qonorar alırdıq. Sovet dövründə aktyorlara filmə ayrılan büdcənin 0,5 faizini verirdilər. Mən filmə çəkiləndə inanın ki, heç qonorar barədə düşünmürdüm. Çünki çəkildiyim filmlər o qədər maraqlı idi ki…

– Bəs bəzi həmkarlarınız deyir ki, sovetlər dönəmində bir filmin qonorarından hətta avtomobil də alırlarmış…

– Yox e, nə avtomobil? Amma “Həm zəyarət, həm ticarət” filmindən aldığım qonorar yüksək olub. Yadımdadır ki, 21 gün çəkilişlə bağlı İstanbulda olduq, bütün xərclərimizi ödədilər. O vaxt dollar bir manata bərabər idi və mənə 600 dollar qonorar ödəmişdilər. Həmin vaxt üçün kifayət qədər böyük pul idi.

– Nə aldınız o pula?

– Onda dəri gödəkçələr çox dəbdə idi, onu alıb geyməyə hər adamın imkanı çatmırdı. Mən özümə və həyat yoldaşıma dəri gödəkcə alıb gətirdim.

– Film çəkilişləri zamanı, ekstrim vəziyyətlər qaçılmazdır. Başınıza gələn ən maraqlı hadisə…

– Belə hadisələr çox olub. “Ad günü” filmində bir səhnə vardı. Demək, Fəridənin evindən çıxıb küçə ilə gedirəm, sonra da bir telefon köşkünə girib zəng edirəm. Əslində, həmin yerdə telefon-filan yox idi, çəkilişə görə düzəltmişdilər, gecə olduğu üçün işıq da çəkmişdilər. Demək, dəmir diskə 15 qəpik atanda məni cərəyan vurdu. Sən demə, paltarım yaş olduğu üçün elektrik keçirib. Bir də onu eşitdim ki, Ocaqov qışqırır ki, nə durmusan, danış da… Daha xəbərləri yoxdur ki, məni “tok” vurur. Sonradan ayağımın altına rezin qoydular…

Birini də danışım. Həmin filmdə süni yağış yağdırmaq üçün iki yanğınsöndürən maşın çağırdılar. Süni yağışın altında üst-başım təmiz suyun içində olurdu, amma dubl alınmırdı, yenidən çəkilirdim. Düz doqquz dəfə… Hər dəfə də paltarımı dəyişir, yenidən islanırdım. Dekabr ayı idi; hamı dedi ki, Hacı səhəri gün çəkilişə gələ bilməyəcək. Ertəsi gün doğrudan da xəstələndim.

“Sarı gəlin” filminə çəkiləndə isə hərəkətdə olan qatarın vaqon qapısından sallanmaq lazım idi. Biri ayağımdan tutmuşdu, biri də ipdən… Onda həyatım təhlükə qarşısında idi. Hələ “Fəryad” filmi… Odlu silahdan atəş açmalı idim. Əsgəri xidmətdə olmadığım üçün silahla necə davranacağımı bilmirdim. Elə əlimi tətiyə basan kimi güllələr yağış kimi ətrafa səpələndi. Yaxşı ki, daşa atəş açdım. Başqa bir filmdə isə mənə atəş açdılar, güllələr başımın üstündən keçdi.

– Əsgərliyə getməməyinizin səbəbi nə idi ki?

– Evin tək uşağı idim və o vaxt tək övladları hərbi xidmətə aparmırdılar.

– Adətən, rejissorlar sizi sakit, mülayim obrazlara dəvət edirlər. Heç qatil roluna çəkilməyi arzulamısız?

– Elə bir obraza dəvət etməyiblər. Dəvət olsa, düşünərəm.

Cəvahir

Yenicag.az

www.yenicag.az

717
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100