“Kino fəaliyyəti ilə məşğul olan iri şirkətlərə, qurumlara üzv olmaq lazımdır. Çünkü onlar layihəni həm maliyyələşdirir, həm də festivallara göndərib, təbliğatnı aparırlar. Bir faktdır ki, bu gün peşəkarlıq baxımından axsayırıq”.
Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktrisa Xalidə Quliyeva Azərbaycanda çəkilən filmlərlə bağlı fikirlərini bölüşərkən deyib.
Aktrisa dünyanın nüfuzlu kino qurumlarına üzv olmağı və bu yolla milli kinomuzun təbliğatının aparılmasını vacib sayıb:
“Bu gün gözümüzü bağlayaq ki, heç bir kino çəkilmir, bu fikir düzgün deyil. Dünyada nə qədər filmlər çəkilir, gün ərzində nə qədər filmlərə baxırıq. Əvvəllər bir “Retro” verilişi vardı, həftədə bir dənə xarici film izləyə bilirdiksə, indi gündə nə qədər filmlərə baxırıq. Müqayisə edəndə görürük ki, bəli, zəifik. Amma bu, o demək deyil ki, bu gün bizdə kino yoxdur. Amerika filmləri hər şeyi elə qabaqlayıb ki… Festivala gedən filmlər o qədər təbliğ olunur ki, biz qalırıq gölgədə. Bizim təlbliğatımız yoxdur. Kino fəaliyyəti ilə məşğul olan dünyanın nüfuzlu iri kino şirkətlərinə, qurumlara üzv olmaq lazımdır. Onlar layihəni həm maliyyələşdirir, həm də festivallara göndərib, təbliğatını aparırlar. Bu, bir faktdır. Bu gün peşəkarlıq sahəsində axsayırıq. Bizə peşəkar rejissor, ssenarist, operator, qrimçi, işıqçı və digər texniki işçilər lazımdır. Bunlar çox vacibdir. Amma çapalayırıq, nə vaxt “Oskar” alacağıq arzusu ilə yaşayırıq, mübarizə aparırıq. Amma “Oskar”ı almağımız da qaldı Allaha.
Kinonu sənət kimi görmək istəyən bir çox aktyorlarımız var ki, onları dünya səviyyəsinə çıxarmaq olar. Bu gün hər şeyi inkar etmək, baltalamaq deməkdir. Kinonu sənət kimi görmək istəyən, sənət üçün çalışan kino işçilərinə gözəl ödüllər almağı arzulayıram.
Çünki, gənclər arasında peşəkar rejissor, aktyor, operatorlarımız var. Elçin Musaoğlu, Elxan Cəfərov, İlqar Nəcəf, Babək Şirinsifəti inkar edə bilmərik. Filmləri festivallarda nümayiş olunan gənclərimiz var.
Teymur Cəfərov, Rüfət Həsənov, Tale Yüzbəyov, Emin Quliyev nəsə edirlər, çapa göstərirlər. Onlar kinonun cücərtiləridir. Hamısını izləyirəm, onların çəkdikləri mənim üçün çox maraqlıdır”.
Cəvahir
www.yenicag.az