“Toyxana mahnılarının efirlərdə geniş təbliğ olunmasının əleyhinəyəm”.
Bu fikirləri Xalq artisti, rəqqasə Təranə Muradova Yenicag.az-a açıqlamasında deyib.
Sənətçi gələcək nəslim formalaşdırılmasında keyfiyyətli musiqilərin böyük rol oynadığını bildirib:
“Televiziya və radiolarda milli musiqilərimiz daha çox səsləndirilməlidir. Keyfiyyətli musiqiyə yer verilməlidir. Son vaxtlar televiziya və radiolarda simfonik musiqilər səsləndirilmir.
Bizim Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov kimi dahi bəstəkarlarımızın opera və baletləri nümayiş olunmalıdır, simfonik əsərləri səsləndirilməlidir ki, gənc nəsil bu keyfiyyətli musiqiləri dinləyib, zövqünü formalaşdıra bilsin.
Onlar tanıyıb bilməlidir ki, belə dünya şöhrətli bəstəkarlarımız olub. Təbliğat hər zaman böyük rol oynayır. Gənclərə elə gələ bilər ki, əsl musiqi yəqin ki elə eşitdikləri o bayağı mahnılardan ibarətdir. Efirlərdə təbliğat işinə ciddi yanaşılmalıdır.
Toyxanalarda səsləndirilən toy mahnılarının efirlərdə təbliğ olunmasının əleyhinəyəm. Həmin mahnıları günün müəyyən saatlarında bəzi radiolarda səsləndirmək olar. Ancaq milli və bəstəkar mahnıları daha çox təbliğ olunmalıdır. Gələcək nəslin düzgün formalaşması üçün belə musiqilərə geniş meydan verilməlidir”.
Cəvahir
www.yenicag.az