Yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub
2026-cı ilin yanvar-mart aylarında 252 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 319 nəfər zərərçəkib. Onlardan 140 nəfər həlak olmuş, 179 nəfər isə yaralanmışdır. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş vermişdir. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.
Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,9 faiz azalaraq 99 nəfər, yaralananların sayı isə 21,9 faiz azalaraq 168 nəfər olmuşdur.
Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7 faizini, yaralananların isə 71,5 faizini kişilər təşkil etmişdir.













