“Gələn il xarici borcun ödənilməsi üçün ümumi büdcənin 12 faizinin xərclənməsi təhlükə yaradacaq bir haldır. Çünki bu vəziyyət borclanmanın sürətini və dövlət büdcəsindən borclanmaya ayrılan vəsaiti artıracaq”.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanunu təsdiq edib. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 473 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 323 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilib.
Qanuna əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:
Ümumi dövlət xidmətləri 3.622.839.062,0, müdafiə 2.738.721.836,0, təhsil 2.001.978.015,0, səhiyyə 739.334.330,0, sosial müdafiə və sosial təminat 2.197.182.103,0, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 306.126.560,0, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 656.259.888,0, sənaye, tikinti və faydalı qazıntılar 4.844.376.000,0, nəqliyyat və rabitə 166.790.678,0 manat və sair.
Yenicag.az məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.
Natiq Cəfərli deyib ki, gələn ilin dövlət büdcəsindən bəzi sahələrə ayrılan vəsaitin artırılması təqdirəlayiqdir:
“Azərbaycan Respublikasının dövlət büdcəsi iki həftəyə yaxın idi ki, qəbul olunmuşdu. Lakin hələ öz təsdiqini tapmamışdı. Nəhayət, iki gün öncə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu qanunu təsdiqlədi. Büdcədə xərclərin artırılması təqdirəlayiq və pozitiv bir haldır. Neqativ bir amil də var ki, gələn il xarici borcun ödənilməsi üçün ümumi büdcənin 12 faizi xərclənəcək. Yəni təqribən 2,3 milyard manat pul ancaq borc üzrə faizlərin və ana borcların ödənilməsinə xərclənəcək. Bu isə Azərbaycan tarixində ilk hadisədir. Çünki bu günə qədər biz bir il ərzində belə böyük həcmdə borc qaytarmamışıq. Belə olduqda isə təhlükə barədə fikirlər yaranır. Təhükə də ondan ibarətdir ki, borclanmanın sürəti artır və bununla da hər il dövlət büdcəsindən ayrılan vəsait daha çox borcların ödənilməsinə yönəldilir. Bu da ölkə daxilindəki xərclərin bir müddət sonra azalmasına səbəb ola bilər. ”
İqtisadçı 2018-ci ilin daha məhsuldar olacağını və bir sıra layihələrin başlanması üçün zəmin yaranacağını bildirib:
“Gələn ilin büdcəsi bu ilə nisbətən təqribən 4 milyard manat artacaq. Bu isə onu deməyə əsas verir ki, müəyyən dərəcədə həm təmir-tikinti işlərinin, həm də dövlət layihələrinin maliyyələşməsinin şahidi olacağıq. Bununla yanaşı az da olsa yeni iş yerlərinin açılması və iqtisadi aktivliyin güclənməsi gözlənilir. Bu vəziyyət pozitiv adlandıra biləcəyimiz məsələlərdən biridir və bu da iqtisadiyyatın canlanmasında müəyyən rol oynayacaq. Neftin hazırkı qiymətləri qalsa, yəni 65 dollar civarında olsa, Azərbaycana əlavə gəlirlərin də gələcəyi gözlənilir. Manata təzyiqlər də neftdən asılı olacaq, yəni neftin qiyməti yüksək qaldıqca, manatın məzənnəsi də dollar qarşısında dəyişməz olacaq.
2018-ci il iqtisadi nöqteyi-nəzərdən maraqlı il olacaq. Bu il ərzində bir sıra yeni layihələrin – təmir-tikinti, dövlət layihələri, sosial evlər layihəsinin ikinci mərhələsinin başlanması gözlənilir. Həmçinin, gələn il seçki ilidir. Buna görə də məzənnə ilə kəskin oynamalar və qiymət fərqlərinin olacağı ehtimalı var. Düşünürəm ki, bütün bu proseslər nəticəsində 2018-ci il az da olsa canlanmanın yaranması ilə yadda qalacaq”.
Natiq Cəfərli qeyd edib ki, beynəlxalq standartlara nəzər yetirdikdə dövlət büdcəsindən bəzi sahələrə ayrılan vəsaitlər çox azdır:
“Məsələn, Azərbaycan elminə ayrılan vəsait büdcənin cəmi 0,7 faizini təşkil edir. Halbuki, dünyada standart olaraq, büdcənin 3-4 faizi elmə xərclənir. Bizdə isə bu rəqəm çox aşağıdır. Bununla da ölkə iqtisadiyyatında bəzi çatışmazlıqlar yaranmış olur”.
Elvin Paşazadə
www.yenicag.az