“Böyük mənada müharibə bitməyib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında müharibə ritorikasının yenidən gündəmə gəlməsini şərh edən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
Elşad Musayev bildirib ki, erməni tərəfinin arxasındakı güclər gərginliyin artmasında maraqlıdır.
“Müharibə başlayacağı ehtimalı aşağıdır. Sadə bir səbəbdən hələ ki şərtlər müsaid deyil.
İkinci səbəb isə odur ki, Azərbaycana müharibə lazım deyil. Azərbaycan bu bir neçə ayda bir sıra tədbirləri həyata keçirməlidir. Erməni tərəfinin isə gücü, potensialı yoxdur müharibə etsin. Ona görə də, sərhəddə gərginlik, qızışdırıcı addımlar təxribatlar ola bilər. Bunun böyük müharibəyə keçmə ehtimalı aşağıdır”, – deyə o əlavə edib.
Partiya sədri qeyd edib ki, bütün hallarda müharibəyə hazır olmalıyıq.
“Böyük mənada müharibə bitməyib. Düşmənin başı əzilməyib. Ermənistana dəstək verən qüvvələr olduqca gərginlik olacaq.
Azərbaycanın güclü ordusu var. Sərhədlərini qoruyur. Müharibə bizə sərf etmir. Hər şeyi zamanında, vaxtında etməliyik”, – deyə o fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az