Zahid Oruc: “Amerika başlayır və məğlub olur”

media-hightechnic-468x90

1383986457zahid-orucAzərbaycan müstəqillik qazanandan sonra yalnız bir dəfə Cənubi Qafqaz regionunda Qərbin yürütdüyü siyasətin əsas konturlarına dair yazılı təminat alıb və beynəlxalq mövqelərini həmin platformaya uyğunlaşdırmağa çalışıb.Əlbəttə,kimsə dövlətlərarası razılaşmalara,yaxud rəsmi qəbullardakı quru diplomatik təbəssümlərə istinad edərək bütün münasibətlərin hüquq müstəvisində qurulmalı olduğuna bizi inandırmağa çalışır,lakin hamıya bəllidir ki,geopolitika,təhlükəsizlik,iqtisadi maraqlar və bu kimi fundamental məsələlər ağ kağıza köçürülüb açıq,yaxud gizli danışıqların predmeti olmur.Bunlarla hər ölkənin siyasi elitası özü məşğul olur və dünyada elə iki dövlət tapılmaz ki,onların dostluğu,yaxud düşmənçiliyi yazılı sənədlərdən kənara çıxmasın.

Lakin qeyd etdiyimiz o tək bir hadisə 2003-cü ildə Amerikanın ölkəmizdəki səfiri Enn Dörsünün zamanında baş verib və adələt naminə deyək ki,təcrübəsinə, cəmiyyətlə yaxından ünsiyyət qurmaq qabiliyyətinə görə Ağ Evdən təyinat alanlar içərisində xanım diplomat kişi həmkarlarından bir boy daha yuxarı idi. Xatırlayırsızsa, transmilli layihələrin uzun bir yol keçərək reallığıa çevrildiyi həmin illərdə ABŞ-ın bölgədə maraqları sırasında birinci yerə enerji məsələləri,yaxud Əfqanıstanda antiterror əməliyyatlarına dəstək problemi deyil,məhz ərazi bütövlüyü və suverenlik prinsipləri qoyulmuşdu.Razılaşın ki,Qafqazı ikiyə bölüb onun cənub hissəsinə sahiblənmək istəyən beynəlxalq oyunçular üçün Sovetlər Biliyindən miras qalmış münaqişələri hər hansı bir şərtlə çözmədən nə neft-qaz uğrunda,nə də demokratik islahatlar yolunda uğur əldə etmək mümkün deyildi.

Təəssüf ki,onlar da idarəolunan xaos,yaxud münaqişələr vasitəsilə maraqlarını sürdürmək yolunu tutdular.

Bəli,Amerika soyuq müharibədən sonra postsovet məkanında geopolitik arxitekturanın dəyişməsində mühüm rol oynadı və 1991-ci ildən bu yana onun iştirakı olmadan ənənəvi mənafe savaşlarındakı balansı təmin etmək,hər hansı dünyəvi layihəni gerçəkləşdirmək qeyri-mümkün idi.Yüz il əvvələ qayıdaraq SSRİ-nin yaranması ərəfəsində burada hökm sürən şəraiti dəyərləndirmək istəsək görəcəyik ki, Britaniya ordusunun da daxil olduğu internasional burjuaziya elementləri Qafqazlara yalnız neft anbarı kimi baxırdı.Azadlığına təzəcə qovuşmuş və milli elitaları,silahlı qüvvələri,dövlətçilik ənənələri çox zəif olan hakimiyyətlərin xarici müdafiəyə ehtiyacı hava-su kimi duyulurkən,onlar qarşılarında əsil sümürgən yadelli işğalçılar görmüşdülər və belə vəziyyət uzun müddət davam edə bilməzdi.Ona görə bolşeviklər yeni imperiyanın fasadını tökən kimi,Qərb şirkətlərini-nobelləri,rotşildləri qovub buradan çıxardı,sonra isə İranda onların şah rejimi ilə birgə payına da əlini qoydu.

Tarixin ondan nəticə çıxarmayanda təkrarlandığını nəzərə alaraq 21-ci əsrin birinci onilliyində hadisələrin məhz həmin vektor üzrə inkişaf etdiyini görə bilərik.Amerika Barak Obama dönəmində xarici siyasət hədəflərini kəskin dəyişdi.Belə təəssürat yaranırdı ki,Corc Buşun hakimiyyətindən tam fərqli olduğunu göstərmək üçün yeni prezidentin komandası keçmiş uğurların hamısının üstündən xətt çəkmək niyyətindədir.

Gürcüstanın 2008-avqust məğlubiyyətindən sonra Qafqazda qüvvələr nisbəti büs-bütün Rusiyanin xeyrinə dəyişdi.Düzdür,bütün avropalı siyasətçilər və onların toplaşdığı qurumlar bu günədək həmin məşum hadisələrdən şimal qonşumuzu diskreditasiya etməkdən ötrü istifadə edir,ancaq nəticə dəyişmir və Abxaziya-Cənubi Osetiya cütlüyünü müstəqil subyektlər kimi öz təhlükəsizlik qanadının altına alan ruslar onu birdəfəlik götürdüklərini heç kəsdən gizlətmirlər.

O vaxta qədər mövcud olan mühüm formatlardan biri-GUAM da artıq siyasi xəritədən silinib.Avropa Şurasında çıxışı zamanı Azərbaycan prezidenti Ukraynanın Yanukoviç dönəmini xatıraladaraq,onların yollarının ayrılmasının səbəblərini açmağa çalışmışdı.Onsuz da Özbəkistanın bu qurumdan çıxması,üstəlik,adı yeni üzvlükdə hallandırılan Rumıniya və başqalarının bura can atmaması fonunda öz cazibədarlığını xeyli itirmiş GUAM son illər tamamilə iflasa uğrayaraq dövriyyədən çıxıb.Halbuki ona siyasi və maddi sərmayə qoyan Birləşmiş Ştatlar MDB-yə alternativ təşkilat kimi açıq-məxfi dəstəyini bu “yaralı ölkələr birliyi”ndən heç zaman əsirgəməmişdi. Ərazilərinin 20 faizini itirmiş üç respublika ilə müqayisədə yeganə Ukrayna öz bütövlüyünü qoruya bilmişdi,o da indi Qərb-Rusiya qarşıdurmasının hesabını artıqlaması ilə ödəyir.

Kənardan baxanda belə təəsürat yaranır ki,hazırki Ağ Ev administrasiyası Cənubi Qafqazın geoplotik müstəvisində fəal hərəkət etməkdənsə,onu daha əlverişli zamanlara təxirə salıb.Ona görə də Tbilisiyə gəlib antiRusiya inqilablarını müdafiə etməyə çalışan Buşla müqayisədə Obamanı bu regionda görən olmayıb.Hətta vaxtilə simpatiya bəslədikləri Saakaşvilini də sonda taleyin ümidinə buraxıb getdilər və onun islahatçı,Qərbpərəst komandasının təqib və həbslərdən xilas etməyə zərrə qədər də çalışmadılar.Niyəsi özlərinə yaxşı bəllidir,ancaq İvanişvili iqtidarı nə qədər Avroatlantik dəyələrə sadiq olsa da Şeverdnadze irsini,keçmiş sovet mirasını qazıyıb tarixə atmaqda qızılgül inqilabçılarının misilsiz rolunu danmaq və onları meydanda tək qoymaq düzgün deyildi.Qərb etibarsız partnyor imici qazanmaqdan qorxmalıdır,çünki yenigürcülər,yaxud yeniazərbaycanlılar hətta şərqi avropalılardan da fərqli olaraq ən çətin şəraitdə,kolonial maraqların tüğyan elədiyi bir mühitdə Qərbin ayrılmaz siyasi hissəsi olmağa can atırlar.

Gürcülərlə paralel Azərbaycanda da Amerikanın əvvəlki mövqelərdən geri çəkildiyini görə bilərik.Faktlar amansız olur,deyirlər.Adicə səfir təyinatının aylarla sürməsinə nə ad vermək olar?Kimsə bunu Konqresin sərt prosedurları ilə əsaslandırmağa çalışa bilər.Amma yadınızdan çıxmayıbsa,2012-ci ildə Metyu Brayzanın məruz qaldığı çətin imtahandan öncə Bakıda səfirliyi az qala müvəqqəti işlər vəkillliyi səviyyəsinə endimişdilər.Belə statusla böyük uğurlara imza atmaq qeyri-realdır və kimsə MKİ-nin,yaxud Mossadın buradakı gözəgörünməz qüvvələrinin mifik gücünə arxalanmasın.Axı elektron casusların ən böyüklərindən biri elə öz idarəsinə itaətsizlik göstərib çoxdandı Moskvada oturmurmu?

Hələ bu azmış kimi son səfir,neft diplomatiyasının peşəkar ustası qocaman Riçard Morninqstarın yol verdiyi kobud səhvlər az qala dövlətlərarası qalmaqala səbəb olacaq,onun “arzulunmaz şəxs” kimi ölkədən qovulması ilə nəticələnəcəkdi.Uzul illər Birləşmiş Ştatlara yeni müstəqillik qazanmış ölkələrlə necə davranmağın məsləhətlərini ver,yol göstər,ən sonda da belə aqibətlə üzləş.Özü də bütün bunlar Azərbaycan üçün çox mühüm olan 2013-cü ildə baş verirdi. Müstəqliyylin əldə olunduğu 22 il ərzində özünü Amerikanın daxili tərəfdaşları kimi qələmə verən partiya və hərəkatlar birdən-birə qütblərini dəyişərək rusiyalı milyonçuların ittifaqına keçmişdilər və siyasi səhnə tamamilə açılmışdı.Qərbsə prosesləri müşahidəçi qismində seyr edirdi.Kimsə iddia edə bilər ki,hakimiyyətin dəyişməsi planları və Moskvanın layihəsində yer alanların iqtidara gətirilməsi ssenarisi mahiyyətcə bütün dairələrin marağına işləyirdi. Ancaq ağlı başında olanların hamısı belə bir ideyanın Qərbin on illər ərzində Azərbaycanda qurulmuş dayaqlarının tamamilə sarsılmasına və Xəzərdən,eləcə də Qafqazlardan əlini üzməyə səbəb olacağını yaxşı bilməmiş deyillər.Belə polietnik bir regionda və postkonflikt sindromundan əziyyət çəkən cəmiyyətlərdə birləşdirici qüvvə olmaq asan məsələ deyil.Ona görə nə Amerika,nə də rəsmi Moskva İlham Əliyev hakimiyyətini devirməyi düşünmür,onunla yaxından əməkdaşlığı yeganə alternativsiz yol sayırdılar.

Lakin Amerika siyasi elitasının son illər bölgəyə təşrif buyuran təmsilçilərinin ranqı da nikbin uzaqgedən nəticələr çıxarmağa imkan vermir.Xanım Klintonun səfəri zamanı Qarabağ cəbhəsində məlum atışma olmasaydı,sabiq dövlət katibinin gəlişini hətta siyasətçilər də unudardı.Yaxud onun müavini Uilyam Börns.

Qarşılıqlı səfərlər haqqında da eyni fikirləri söyləmək mümkündür.Prezident İlham Əliyev ən çətin şəraitdə NATO ilə əməkdaşlıq formatını dağıtmır,müharibə gedən bir ölkədə-Ukraynada keçirilən təlimlərə hərbçiləri göndərməkdən vaz keçmir,enerji layihələrini Qərbin xeyrinə genişləndirməkdə davam edir,lakin Ağ Evdə qəbul olunanlar isə Maydan inqilabının baniləri olur.Doğrudanmı,iflasa uğrayan “Yaxın Qonşuluq” siyasəti,yaxud “Şərq tərədaşlığı” planı yalnız Avropanı narahat etməlidir,Ağ Evin qayğısını isə yalnız bloqerlər,üsyan nəzəriyyələri və dövlətləri ələ verən “beşinci element”lər təşkil etməlidir?Müttəfiq saydığın ölkəni bir ovuc demokratiya emissarlarına, yaxud açıq casuslara qurban vermək dünyada təkbaşına idarəçilik iddiaları ilə uzlaşmır.Ya ədalətli hakim olub bütöv bir xalqla əməkdaşlıq edəcəksən,ya da yeni “Varşava pakt”ları ilə üz-üzə qalacaqsan.Rusiya Qərbin öz dəyərlərindən sapdığı yerdə daha yaxşı lövbər salıb tankını-topunu yerləşdirə bilir.

Amerika Qafqazlarda möqelərini itirir və onun “müqəddəs yeri” boş qalmır. “Con Kerri 907-ci düzəlişin əsas müəlliflərindən biri olub”-bu sözlər Azərbaycanın 2-ci hakimiyyət adamına məxsusdur.İndi nəinki sıravi adamlar,eləcə də yüksək dövlət adamları “soyuq müharibə”dən sonra heç bir sabit prinsip və daimi dəyərlər tanımayan Qərbdən narazılığını gizlətmir.Bu isə 90-cı illərdə çox böyük eyforiya ilə Qərbə açılan qolların bağlanması deməkdir.Adamlar avrotəmirdən çıxardıqları ölkəni indi Qərblə bölüşmək istəmirlər!

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600