Zahid Orucdan sərt ittiham
Katolik kilsəsinin rəhbəri “erməni kədəri”nə xüsusi dini liturgiya keçirməklə dini hücrələrin siyasətdən heç vaxt ayrı olmadığını sübuta yetirdi. Xristian həmrəyliyinin Qərbdə güclü tarixi ənənələrə malik olduğunu unutqanlara yenidən göstərdi və bir milyard insanın liderinin müharibə meydanlarında qanlarını tökən müsəlmanlara meydan oxuduğunu ortaya qoydu.
Yenicag.az azadinform-a istinadən xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı Zahid Oruc dilə gətirib. Onun dediyinə görə, əslində Türkiyəyə qarşı vurulan belə zərbələrin ardınca Avropa paytaxtlarından, o cümlədən, Avropa Parlamentindən verilən müxtəlif qərar və qətnamələr vasitəsilə rəsmi Ankaranı siyasi mühasirəyə salmağa çalışacaqlar: “Allah erməniləri neft və qazdan məhrum etsə də əvəzində dünyanın işinə yarayan daha mühüm iqtisadi, siyasi və geopolitik silah olan “soyqırımı sərvəti”nə malikdirlər və Ermənistanın daxili sarsıntıları fonunda ona qazandırılan belə diplomatik qələbələr onun zəifləməsinin türk düşmənləri üçün necə qorxulu olduğunu hamımıza əyan edir” – deyən Z. Oruc bildirib ki, Türkiyəni keçmişi ilə üzləşdirmək adı altında Vatikanın, yaxud, dünən “soyqırımı”nı üçüncü dəfə tanıyan Avropa Parlamentinin niyyəti 1915-ci il hadisələrinə görə Ərdoğandan üzr istəməyi gözləmək kimi bir mənəvi jesti hədəfləmək deyil.
O, hesab edir ki, başlıca məqsəd, regional iddiaları güclü və imperiya keçmişinin girovu sayılan türkləri cəzalandırmaqdır: “Qərb mediası bunun zəminini formalaşdırmaq üçün hər cür saxtalığa əl ataraq yüz il əvvəlki osmanlı, yaxud gənc türkləri müasir dövrün İŞİD-i ilə bərabərləşdirməyə çalışır, başqa dinin daşıyıcılarına qarşı dözümsüz olan müsəlman dünyasının bir parçası kimi Türkiyəni diplomatik və siyasi əlaqələrdən qoparıb təkləməyə cəhd göstərir.
Ermənilər “soyqırım biznesi”ndən qəflətən geri durmasını xəyal etsək, onun himayəçiləri Ermənistanı düşmənçilik ideologiyasından əl çəkməyə qoymayacaqlar. Çünki genosid məsələsi çoxlu dövlətlərə qazanc gətirir.
Avroparlamentin qətnaməsinin mətni regional təhlükəsizliyə zərbə vurmaqla, Türkiyəni erməniləri gerçək soyqırıma uğratmağa təhrik edir. Yəhudilərdən fərqli olaraq ermənilər təzminat və torpaq alıb türklərlə birgə yaşaya bilməzlər.
Azərbaycanı türk dünyasının bir hissəsi qəbul edənlərin qarşısında-bütün Qərb strukturlarının belə erməni həmrəyliyi fonunda Qarabağ mübarizəmiz daha da çətinləşəcək. Düz yüz il əvvəl, Amerikanın sabiq prezidenti Vudro Vilson ermənilərə türklərin bir neçə əyalətində dövlət qurub verərək məlum qırğınlara görə onlara əvəz ödəməyi nəzərdə tutan plan hazırlamışdı.
Əvəzinə İrəvanı paytaxt etməklə, Azərbaycanı torpaq güzəştinə getməklə çıxdılar. İndi də İrəvanın yerinə Qarabağı qurban etməyə çalışacaqlar, “soyqırımı”nın haqqı olaraq”.