Zəngəzur dəhlizinin GECİKMƏ SƏBƏBİ: "Ermənistan ərazisindən keçən hissənin tikintisi..."
“Ermənistan tərəfində də müəyyən işlərin görülməsi tələb olunur”.
Bunu Zəngəzur dəhlizinin reallaşmasının 2030-cu ilə qədər uzanmasının səbəblərindən danışan deputat Naqif Həmzəyev Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissələrinin gələn ilin ortalarına qədər tam olaraq yekunlaşacağı gözlənilir:
“Burada həm avtomobil yolu, həm də dəmir yolu üzrə işlər aparılır. Lakin layihənin tam istifadəyə verilməsinə mane olan əsas məsələ Ermənistan ərazisindən keçən hissədə tikinti işlərinin tamamlanması ilə bağlıdır.
Avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisini Amerika şirkətlərinin həyata keçirəcəyi məlum oldu. ABŞ tərəfindən bu işlərə maliyyə dəstəyi də göstəriləcək. Lakin hələ ki Ermənistan ərazisindən keçən hissə ilə bağlı layihələndirmə işləri davam edir. ABŞ rəsmilərinin Ermənistana səfərləri zamanı məsələ əsas gündəm mövzusu kimi qalıb. Layihələndirmə işlərinin 2026-cı ilin birinci yarısına qədər başa çatdırılacağı gözlənilir. 2026-cı ilin sonlarında isə tikintiyə start veriləcək. Bu isə təbii olaraq müəyyən vaxt tələb edir.
Ekspertlərin fikrincə, ən gec 2028-ci ilə qədər bu dəhlizin işə düşməsi mümkün ola bilər. Lakin unutmamalıyıq ki, dəhlizin istifadəyə verilməsi ilə də işlər bitmir. Bu, yalnız Azərbaycanın qərb hissəsindən Naxçıvana birbaşa bağlantını təmin edəcək. Dəhlizin tam gücü ilə işləməsi üçün isə Naxçıvandan Qarsa doğru uzanan dəmir yolu xəttinin də inşa olunması vacibdir. Həmin xətt istifadəyə verildikdən sonra tam logistika zənciri formalaşacaq”.
N. Həmzəyev bununla yanaşı Ermənistanın Sədərəkdən keçməklə Naxçıvan xəttinə qoşulmasının da planlaşdırıldığını deyib:
“Bunun üçün Ermənistan tərəfində də müəyyən işlərin görülməsi tələb olunur. Ermənistan işləri paralel şəkildə həyata keçirməlidir ki, 2026-cı ilin ikinci yarısında tikintiyə başlamaq mümkün olsun və xətt vaxtında istifadəyə verilə bilsin.
Azərbaycan tərəfi öz öhdəliklərini tam şəkildə yerinə yetirib. Delimitasiya və demarkasiya proseslərində də müəyyən dəyişikliklər edilməlidir. İlk olaraq cənub hissədə prosesə başlanılmalı, keçid məntəqələrinin tikintisi, sərhəd məntəqələrinin formalaşdırılması və müasir texnologiyalar əsasında minimum insan təması ilə keçidin təmin olunması həyata keçirilməlidir. Bütün işlər paralel olaraq icra edildiyi təqdirdə, ən gec 2028-ci ilə qədər Azərbaycan ərazisindən Azərbaycan ərazisinə maneəsiz keçid təmin ediləcək.
Sonrakı dövrdə isə bu xətt vasitəsilə yükdaşımalar Türkiyə üzərindən həm Avropaya, həm Qara dənizə, həm də Aralıq dənizinə uzanacaq”.
Xatırladaq ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin tikintisinin 2030-cu ilə qədər tamamlanacağını bildirib.
Nəsimi Ələsgərli













