Karyerası ərzində bir dəfə də məğlub olmayan, 11 qələbə və 1 bərabərlik əldə etmiş Maykl Touellin əvvəllər xəstə olduğu aşkarlanıb.
Yenicag.az xəbər verir ki, 2016-cı ilin sentyabrın 30-da uelsli Deyl Evansla qarşılaşmada ağır travma alaraq vəfat edən 25 yaşlı şotlandiyalı boksçu Maykl Touellin anası ilk dəfə oğlu ilə bağlı danışıb. Anası bildirib:
“Oğlum boksla yaşayırdı. Həkimlər də ona boksu yasaqlamışdılar. 2013-cü ilin mayında oğlum yatanda çarpayıdan yıxıldı. Vəziyyəti pis idi, özündə deyildi. Təcili yardım çağırdıq, Mayklı hospitala apardılar. Orada dedilər ki, epilepsiyası var, boksdan əl çəkməlidir. Maykl isə qulaq asmadı. Ağır məşqlər edir, sərt pəhriz saxlayırdı. Sonra da Evansla döyüşə çıxdı. Son döyüşü oldu”.
Xatırladaq ki, Qlazqodakı “Radisson Blue” otelindəki döyüşün birinci raundunda nokdauna düşən Maykl özünə gəlmiş və mübarizəni davam etdirmişdi. 5-ci raundda Evans onu yenidən nokdauna salanda referi matçı dayandırmışdı. Boksçu xəstəxanaya aparılmış və reanimasiya bölməsində keçinmişdi.
www.yenicag.az