1 Aprel zarafatları haradan qaynaqlanır? – İlk "aldatmacanı" kim edib?
1 Aprel – Ümumdünya Zarafat Günüdür.
Yenicag.az xəbər verir ki, bu gün dünyada milyonlarla insanın bir-birini müxtəlif zarafatlarla aldatdığı 1 Aprel – Ümumdünya Zarafat Günüdür. Artıq səhər saatlarından etibarən sosial şəbəkələrdə və gündəlik həyatda “aldatmacalar” başlayıb. Bəs bu qəribə ənənənin kökü hara dayanır? Niyə məhz aprelin biri?
Tarixin tozlu rəflərində bu günlə bağlı bir-birindən maraqlı və fərqli iddialar mövcuddur.
1 Aprellə bağlı ən qədim yazılı mənbə 1539-cu ildən əvvələ aid olan Flamand dilli əlyazmalardır. Lakin bu bayramın dəqiq çıxış nöqtəsi haqqında hələ də vahid bir fikir yoxdur. Budur, bu gün dünyada qəbul edilən ən populyar nəzəriyyələr:
Ən çox qəbul edilən nəzəriyyə 16-cı əsr Fransasına aiddir. Kral IX Şarl təqvimi dəyişərək ilin əvvəlini martın sonundan 1 yanvara köçürür. Yeni təqvimdən xəbərsiz olan və ya köhnə ənənəni davam etdirib bu gün — aprelin 1-ni “yeni il” kimi qeyd edənlərlə digərləri zarafat etməyə başlayırlar. Onlara “aprel axmaqları” deyilir və kürəklərinə gizlicə kağızdan balıq asılırdı. Fransızlar bu günü hələ də “Nisan Balığı” (Poisson d’Avril) adlandırırlar.
1530-cu ilin 1 aprelində Auqsburqda mühüm bir dövlət toplantısı keçirilməli idi. Bir çox insan bu toplantının nəticələri üzərindən mərcə girmişdi. Lakin son anda görüş ləğv edildi və pulunu itirən şəxslər “sadəlövhlüklərinə” görə ələ salındılar. Bu hadisə Almaniyada 1 aprelin zarafat gününə çevrilməsinə səbəb oldu.
İngiltərənin Gotham qəsəbəsinin sakinləri kralın oradan keçməsinə mane olmaq üçün maraqlı bir üsula əl atırlar. Kralın keçdiyi yolların dövlət malına çevriləcəyini bildikləri üçün hamı eyni anda özünü “dəli” kimi aparır. Kralın ordusu qəsəbəyə gələndə hər kəsin qəribə hərəkətlər etdiyini görüb onları cəzalandırmaqdan vaz keçir. Əslində isə bu, kralı aldatmaq üçün qurulmuş dahi bir oyun idi.
Uzun müddət 1 aprelin kökü kimi göstərilən “İmparator Konstantin və soytarı Kugel” hekayəsi var. İddiaya görə, Konstantin hakimiyyəti bir günlüyə Kugel adlı soytarıya verir və o da həmin günü “zarafat günü” elan edir.
Yenicag.az













