Reklam: High Technic
hightechnic

21 yaşlı cazibədar aktrisa: “Elə bilirlər sevgilimdir” - FOTOLAR

Kino yaradıcılığına qısametrajlı filmlərdən başlayıb. Lakin daha çox ATV-də yayımlanan “Ögey ana” serialında Leyli rolu ilə tanınıb və sevilib.

Gənc və cazibədar aktrisa Raksana İmirin Yenicag.az saytına müsahibəsini təqdim edirik.

– Bir çox filmlərdə oynasan da, etiraf edək ki, “Ögey ana” serialındakı “Leyli” obrazı ilə tanındın?
– Razıyam. İndiyə qədər qısametrajlı filmlərdə rol almışam. “Ögey ana” kinoda ilk böyük işimdir. Əlbəttə, gənc tələbə üçün bu, böyük uğurdur. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin III kurs tələbəsiyəm, tanınmış aktyor Vidadi Həsənovun kursunda oxuyuram.

– Düşünürəm ki, həyatda sevməyən bir qız serialda “Leyli” obrazını belə məharətlə yarada bilməz…

– Həyatda sevməmişəm, bu duyğulardan xəbərsizəm. Hətta tərəf-müqabilimə olan dərin hisslərimi nümayiş etdirmək üçün anamın üzərində eksperiment aparıram. Sevgi dolu baxışlarla ona baxıram. Rolda da İsmayıla anama baxdığım baxışlarla baxıram.

– Bəs həyatda İsmayıl kimi bir sevgilinin olmasını istərdin?

– Qismətə buraxıram. Sevmədən bu hisslər barədə danışa bilmərəm.

– Bu obrazına görə sosial şəbəkədə sənə yazdılar?

– Çox yazırlar. Soruşurlar ki, İsmayılla sevgilisiniz? Elə bilirlər ki, aramızda hansısa münasibət var. Deyirəm ki, xeyr, biz eyni təhsil ocağında oxuyuruq, yaxşı dostuq, onu qardaş kimi çox istəyirəm. Aramızda sevgi yoxdur.

– Bəs xəstəliyinlə bağlı nələr yazdılar?

– Hamı yazdı ki, biz Leylinin ölməsini istəmirik.

– Qorxmadın?

– Düzü, çox pis oldum, bu xəstəliklə bağlı kitablar oxudum, xəstələrlə təmasda oldum. Valideynlərim qəti şəkildə etiraz etdilər, çünki mənə görə çox qorxdular. Başa saldım ki, bu, sadəcə roldur. Adam o “xərçəng” xəstəliyinin adını belə çəkmək istəmir. Çünki özüm də ondan çox qorxuram. Amma nəsə bu obrazı yaratmaq istədim. Çünki bir aktrisa kimi bu, mənim uğurumdur.

– Psixoloji cəhətdən həyəcan oldu?

– Çox təlaş keçirtdim. Orada ağzımdan, burnumdan qan gələn səhnələr vardı. Mən həyatda qandan çox qorxuram.

– Tez-tez ağlayırsan… Gözyaşı üçün hansısa dərman vasitələrindən istifadə edirsən?

– İnanın ki, ağladığım səhnələri o dərdi içimə salaraq, yaşamışam. İnsanlar dəfələrlə mənə görə narahat olduqlarını yazıblar. Bu günlərdə bir valideyn yazdı ki, uşağım sənə baxıb, çox fikir edir.

– Mənfi obrazlara münasibətin necədir?

– Mənfi obrazda çıxış etmək istəyirəm. Həmişə müsbət rolda oynamışam, indi də istəyirəm ki, tamaşaçı məni fərqli ampluada görsün.

– Sevənlərin çox olar…

– Deyəsən, elədir (gülür)

– Ailə qurmağı düşünmürsən?

– Hələ tezdir, 21 yaşım var.

– Həmkarların kimi sən də sənətini ailəyə qurban verməzsən?

– Düşünürəm ki, qarşıma doğrudan da sevdiyim insan çıxsa və məni “ya sənət, ya ailə” dilemması qarşısında qoysa, mən ailəni seçərəm.

– Gözəl qızsan, gözdən-nəzərdən qorxmursan ki?

– Gözdən-nəzərdən qorxuram. Başıma o qədər bəlalar gəlir ki… Amma hər yerə anamla gedirəm, o, məni qoruyur.

– Səncə, gözəllik sirrin nədədir?

– Deyirlər, gözlərim, gülüşüm və yanaqlarım mənə gözəllik verir.

– Bəs bu gözəl qızın eybi nədədir?

– Çox tərsəm.– Yaradıcılıqla bağlı arzuların çoxdur yəqin?

– Lap çoxdur. Yaxşı karyera qurmaq, özümü Azərbaycandan kənarda sınamaq istəyirəm.

– Hansı aktrisaları özünə kumir sayırsan?

– Azərbaycanda Gülzar Qurbanova ilə Mehriban Zəkini, Türkiyədə Beren Saatı, əcnəbilərdən isə Natali Portmanı çox bəyənirəm.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

2610