46 fərqli heyvan növünə ait 75.000 illik sümük qalıqları KƏŞF EDİLDİ
Norveçin şimal bölgələrində aparılan arxeoloji araşdırmalar nəticəsində mühüm bir kəşf edilmişdir.
Yenicag.az Alimlər, bir mağara sistemində 46 fərqli heyvan növünə aid sümükləri aşkar ediblər. Aparılan tarama işləri, bu sümüklərin təxminən 75.000 il əvvəlki dövrə aid olduğunu göstərib. Tapıntıların, Avropanın Arktik bölgəsində indiyə qədər aşkar edilən ən qədim heyvan cəmiyyətini təmsil etdiyi qeyd edilib.
Oslo Universiteti, Bournemouth Universiteti, Bergen Universiteti Muzeyi və Norveç Həyat Elmləri Universitetinin birgə əməkdaşlığı ilə ölkənin şimalında yerləşən Narvik şəhəri yaxınlığında Arne Qvamgrotta Mağarasında araşdırmalar aparılıb.
Araşdırmalar nəticəsində 46 heyvan növünə aid sümüklər tapılıb. Alimlər, tapıntılar arasında polar ayısı, mors, Qrenlandiya balinası, Atlantik qütb martısı, pufin, dağ qar quşu və Atlantik morina balığı ilə yanaşı, Avropada nəsli tükənmiş və indiyə qədər Skandinaviya regionunda heç rast gəlinməmiş yaxalı yabanı siçan növünün də olduğunu qeyd ediblər.
Sümüklərin təxminən 75.000 il əvvəlki dövrə aid olduğunu müəyyən edən tədqiqatçılar, bu tapıntıların Norveç, Finlandiya və Rusiyanın şimal ərazilərini əhatə edən Avropa Arktik bölgəsindəki ən qədim heyvan cəmiyyətinə aid olduğunu vurğulayıblar. Tədqiqat qrupu, tapılan sümüklərin vəhşi təbiətin keçmişdəki ani iqlim dəyişiklərinə necə reaksiya verdiyini anlamağa kömək edəcəyini, bu məlumatların bu günkü qoruma işləri üçün də mühüm bir istinad təmin edəcəyini qeyd ediblər.
Araşdırmanın baş müəllifi Bournemouth Universitetindən Dr. Sam Walker, kəşfin buzlaq dövründəki ani istilik dəyişiklikləri nəticəsində yox olmuş Arktik vəhşi təbiətinə dair nadir bir görüntü təqdim etdiyini bildirib. Walker, kəşfin, soyuq bölgələrə uyğunlaşmış növlərin dəyişən iqlim şəraitinə qarşı nə qədər həssas ola biləcəyini göstərdiyini vurğulayıb.