"Regionda böyük partlayış gəlir" – İsrail İranın daxilini qarışdırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ
“Bu yanaşma regionda sabitliyin deyil, əksinə, daha dərin qarşıdurmaların yaranmasına səbəb ola bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında türkiyəli siyasi şərhçi Emir Abbas Gürbüz deyib.
O, İran və İsrailin pərdəarxasında “yaxın müttəfiq” olduğu ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Siyasi şərhçi bildirib ki, əgər real müharibə faktı baş verməsəydi, bəlkə də bu nəzəriyyəyə müəyyən qədər haqq qazandırmaq olardı:
“Lakin mövcud vəziyyət göstərir ki, İsrailin regionda daha geniş geosiyasi məqsədləri var. Artıq açıq şəkildə görünür ki, İsrail İranı zəiflətmək və onu daha parçalanmış bir struktura çevirmək niyyətindədir. Bunun üçün müxtəlif vasitələrdən istifadə edildiyi iddia olunur.
Məsələn, bəzi məlumatlara görə, İran daxilində kürd silahlı qruplarına dəstək verilməsi müzakirə olunur. Bu isə regionda separatizm meyillərini gücləndirə biləcək bir amil kimi qiymətləndirilir. Digər tərəfdən, şah tərəfdarlarının və monarxist qüvvələrin dəstəklənməsi ilə bağlı iddialar da mövcuddur. Bütün bunlar birlikdə İsrailin İran daxilində daxili parçalanmanı təşviq etdiyi fikrini gücləndirir. Nəticə etibarilə, bu yanaşma regionda sabitliyin deyil, əksinə, daha dərin qarşıdurmaların yaranmasına səbəb ola bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli













