7901 sürücü cəzalandırılıb
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2014-cü il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində görülən işlərin hesabatını verib.
BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, ümumilikdə 2014-cü il ərzində yol hərəkətinə nəzarət prosesində 2.355.222 YHQ pozuntusu baş verib. Bu hadisələr sırasında nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 16.606, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 720.303, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 233.968, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 124.724, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 125.026, sərnişin daşıma qaydalarının pozulması üzrə 5.480 fakt aşkar edilib. YHQ pozuntusuna görə 2.774 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
Hesabat dövründə avtoxuliqanlıq etdiyinə görə 580, şüşələrinə plyonka və örtüklər çəkilmiş 7.901 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.
2014-cü il ərzində «Siqnal» İİLİ tərəfindən 91 svetofor obyekti quraşdırılıb, 19.536 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 1.533.163 pm cizgiləmə işi aparılıb.
Ötən il avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, 3167 şəxs məsuliyyətə cəlb edilib. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 4.405 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülüb.
Baş idarənin əməkdaşları tərəfindən 2014-cü il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürüclük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 56.308 avtomobil ilkin qeydiyyata alınmış, 75.969 ilkin sürücülük vəsiqəsi verilib.
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş müvafiq tədbirlər respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına müsbət təsiri olub. Belə ki, ötən il ərzində respublika ərazisində 2635 YNH-si qeydə alınıb, nəticədə 1124 nəfər həlak olub, 2676 nəfər yaralanıb. 2013-cü illə müqayisədə YNH-nin sayı 211 fakt (7,4%), həlak olanların sayı 40 nəfər (3,4%), yaralananların sayı isə 272 nəfər (9,2%) azalıb.
DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 304 YNH-i qeydə alınıb, nəticədə 318 nəfər həlak olub, 191 nəfər yaralanıb. Ötən illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 19 fakt (5,9%), 25 nəfər (7,3%) və 19 nəfər (9%) azalıb.
Bakı şəhəri ərazisində 901 YNH-i qeydə alınıb, bunların nəticəsində 313 nəfər həlak olub, 894 nəfər yaralanıb. 2013-cü illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 110 fakt (10,9%), 29 nəfər (8,5%), 106 nəfər (10,6 %) azalıb.
Respublika üzrə qeydə alınmış YNH-nin 93,4%-i (2462) sürücülərin YHQ pozmaları, o cümlədən 33,1%-i (872) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 28,1%-i (741) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 8,4%-i (221) yolayrıclarını keçmə qaydalarının pozulması, 2,1%-i (55) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 37,5%-ni (988) piyadaların vurulması təşkil etmiş, nəticədə 373 piyada həlak olub, 696-ı yaralanıb. 97 YNH-i piyadaların YHQ pozmaları nəticəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 87 nəfər uşaq və yeniyetmə həlak olub, 242 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olmuş 1124 nəfərdən 907-i kişilər, 217-i qadınlar, xəsarət almış 2676 nəfərdən isə 2004-nü kişilər, 672-ni qadınlar təşkil edib.
Hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 3 ədəd avtomat silah («Kalaşnikov» tipli), 5 ədəd tapanca, 5 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi, 4 ədəd avtomat sandıqçası, 1 ədəd pulemyot qaytarıcı mexanizmi, 1 ədəd siqnal fişəngi, 432 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilib.
İl ərzində polisin digər xidmətləri ilə birgə 27 fakt üzrə: 8 kiloqramdan çox (o cümlədən 551,61 qram marixuana, 3 qram heroin, 1 kq 98 qram tiryək, 6 kq 10 qram həşiş qətranı, 703,8 qram heroin, 0,7 qram kafein, 100,38 qram metilamfetamin) narkotik maddə aşkar olunub. Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 13 şəxs və 45 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 491 fakt və 253 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.