ABŞ Azərbaycana görə narahatdır

media-hightechnic-468x90

poklopökÖlkəmizə qarşı şimal təhlükəsi ciddiləşir
Ukraynadan sonra Kremlin caynağına keçə biləcək ölkələrin ilk sırasında Azərbaycan var; ABŞ MKİ yetkililəri Bakıda gizli müzakirə keçirib və heyrətləniblər; Rusiya “qaşınmayan yerdən qan çıxarmaq” istəyir…

Rusiyanın bütün beynəlxalq normaları əzib keçən qaba davranışı ilə Krımı qondarma referendumla Ukraynadan qoparması Qərb paytaxtlarını Kremlin daha məkrli və təhlükəli planlarına qarşı hərəkətə keçirib. Artıq Qərbə aydındır ki, sanksiya hədələrinə baxmayaraq, Rusiya geri çəkilən deyil, əksinə, Kreml dünya xəritəsinə yenidən düzən verilməsi uğrunda yeni bir savaşa başlayıb və məsələ yalnız Krımın Ukraynadan (oxu: həm də Qərbdən) qoparılması ilə yekunlaşmayacaq.
Qərb paytaxtlarında rahat kabinetlərində oturub telefon diplomatiyasına üstünlük verən siyasətçilər Vladimir Putinin timsalında anladılar ki, Rusiya ilə oynamaq, anlaşmalı qlobal siyasət yürütmək mümkün olmayacaq, ya da çox çətin olacaq…Avantürist olsa da, son günlər Putinin yanında tez-tez görünən prezidentin adaşı Jirinovskinin Krımın ilhaqını nəzərdə tutaraq “Rusiya 1945-ci ildən sonra bu cür qələbə qazanmayıb” deməsi Kremlin yaxın illərdə yaxın qonşuları ilə siyasətini güc üzərində quracağına işarədir… Rusiya hakimiyyətinin indiki ruhu vaxtilə Avropanı hərbi marşla işğal edən Hitler Almaniyasına daha çox oxşayır. Təsadüfi deyil ki, Qərb nəşrləri Kreml sahibini Hitlerə bənzədirlər…
***

“Yeni Müsavat” diplomatik qaynaqlardan məlumat əldə edib ki, Ukraynadan sonra Rusiyanın hədəfində birinci sırada Azərbaycan, paralel olaraq isə Gürcüstan var. Bunun artıq ilkin əlamətləri də ortadadır. Kreml emissarları artıq Dağlıq Qarabağdakı separatçı ermənilərə Rusiya pasportu paylamaq barədə şirnikləşdirici təkliflər verirlər. Məlumatlar var ki, Gürcüstanda yeni etnik qarşıdurmalar planları yalnız məlum separatçı bölgələrlə məhdudlaşmayacaq. Mümkün olsa, hətta azərbaycanlıları və Kremlin dəyənəyi olan erməniləri Gürcüstan hakimiyyətinə qarşı qaldıracaqlar. Rusiyaya müraciətlə mitinqlərə start veriləcək. Martın 16-da-Krımda “referendum” keçiriləndə vaxtilə Rusiyanın bayrağını belə qaldırmaq mümkün olmayan Tiflisdə…Rusiyaya dəstək aksiyası keçirmək istəyiblər. Demək, “hərəkətə keçin” düyməsi basılıb…

Rusiyanın eyni zamanda, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da eyni mexanizmlə – etnik azlıqlar, həm də rus azlıqları vasitəsilə bu ölkələri də krizisə soxmaq planları var. Rusiya Qərbi yaxın sərhədlərindən qovmaq qərarında qətidir və proses Azərbaycanı da alovlara ata bilər.

Bütün bu planlardan xəbərdar olan, nəticələri göz önünə alan ABŞ və Avropadakı müttəfiqləri Rusiya üçün qırılma nöqtəsinin Azərbaycan ola biləcəyini qət edib. Məlumatlar o istiqamətdədir ki, artıq Qərb indi də bütün gücünü Azərbaycana verəcək. “Yeni Müsavat”a məlum olub ki, bu mövzuda ABŞ və Azərbaycan arasında gizli sayıla biləcək məsləhətləşmələrə start da verilib. Ötən həftə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli təmsilçiləri ilə rəsmi Bakını təmsil edən mötəbər bir heyət arasında məsləhətləşmələr aparılıb.

Məlumatı verən qaynaq “Yeni Müsavat”a deyib ki, Azərbaycan tərəfinin soyuqqanlılığı və təhlükəyə ciddi baxmaması amerikalıları heyrətləndirib. “Rəsmi Bakının müzakirə heyəti lazım olandan daha soyuqqanlı və sakit idi. Bu da bizi daha da narahat etdi” deyə, ABŞ təmsilçilərindən biri Bakıdakı diplomata şikayətlənib: “Onlar bizim məlumat və təhlillərimizə sanki qeyri-ciddi bir məsələ kimi reaksiya verdilər”.

Məlum olduğu kimi, Ukrayna hadisələri başlayandan bəri Kiyevlə Bakının oxşar müqayisələri hər zaman aparılıb və Azərbaycanı da eyni təhdidlərin gözlədiyi dəfələrlə vurğulanıb. Bu iddialar müəyyən mənada həm də informasiyalara dayanır. Çünki 2013 seçki ərəfəsi Kremllə rəsmi Bakının münasibətlərində nəzərəçarpacaq soyuqluq yaranmışdı. Rusiya Azərbaycan hakimiyyətini kifayət qədər narahat edən addımlar atmışdı və burada ciddi bir müxalifət qurumu belə yaratmışdı. Amma sonra Putinin Bakıya təfərrüatı hələ də tam məlum olmayan səfəri gerçəkləşdi. O zaman (2013-cü ilin avqust ayında) belə iddialar vardı ki, Azərbaycan Gömrük İttifaqına üzvlük üçün vaxt götürüb. Unutmaq olmaz ki, Ukrayna Vilnüs sammitində Avropa ilə assosiativ sazişdən imtina etdikdən sonra Kiyevdə mitinqlər başlamasaydı, bu ölkə Gömrük İttifaqına üzv olacaqdı və indi proseslər ölkənin parçalanması ilə nəticələnməyəcəkdi.

Bu baxımdan “Ukraynadan sonra sırada Azərbaycan var” reallığının ciddiliyini nəzərə aldıqda Qərbin və Amerikanın əndişəsini anlamaq mümkündür. İndi eyni taleyi, əgər bir möcüzə olmasa, Azərbaycan da yaşaya bilər. Hazırda dünyanın gizli gündəmində Krımı Ukraynaya necə qaytarmaqdan daha çox Rusiyanın bu prosesi bütün MDB məkanına yaya bilməsinin qarşısını ala bilmək dayanır.

Bu arada ABŞ-ın Minsk Qrupundakı həmsədri Ceyms Uorlikin maraqlı açıqlaması da diqqət çəkir. “ABŞ Rusiyanın Ukraynadakı əməllərini qəbul etməsə də, ölkə ilə birgə işi davam etdirmək üçün sahələr mövcuddur – bu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir”. “Trend”in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz twitter səhifəsində yazıb. Amerikalı həmsədr həmçinin bildirib: “Ukraynada baş verən hadisələrdən Dağlıq Qarabağ münaqişəsi üçün nə öyrənə biləcəyimizi nəzərə almalıyıq”. Belə görünür ki, ABŞ Rusiyanın növbəti hədəfinin Dağlıq Qarabağın Azərbaycandan qoparılması olduğundan narahatdır və Rusiyanı Krımdakı kimi güc variantına yox, danışıqlar masasına dəvət edir. Qorxulusu həm də budur ki, Rusiya Qarabağ kartından başqa Azərbaycanın şimalında da etnik separatçılığı qızışdıra bilər.

Bugünlərdə Krıma gedərkən Mahaçqalada saxlanılan əməkdaşımızın dediyinə görə, mülkü geyimli xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanın, Türkiyənin və Qərbin əleyhinə açıq hədə ilə danışırmışlar, hətta “niyə erməniləri incidirsiniz” deyərək separatçı “Sadval” təşkilatlarına rəğbətlərini gizlətməyiblər. Bu xırda görünə biləcək hadisə əslində Azərbaycanın şimalında anti-Azərbaycan ovqatının göstəricisidir və bu, Moskvanın əhval-ruhiyyəsindən qaynaqlanır. Qərbin gözü qarşısında nəhəng Ukraynadan Krımı qoparan Rusiya Azərbaycanın şimalını bir neçə saata ya özünə ilhaq edə bilər, ya da elə bil cəhənnəm yaradar ki…

Yeri gəlmişkən, hələ bir neçə ay əvvəl Kremlin göndərdiyi bir ekipin Azərbaycanda seçki adı ilə regionları gəzərək əhalinin əsasən nədən narazı olduqlarını öyrənmək, xüsusilə Rusiya ilə sərhəddə yaşayan etnik toplumların həyat şəraiti ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. Məlumatlarda deyilirdi ki, bu ekip Azərbaycanın zəif nöqtələrini bəlirləyib, xüsusi siyasi xəritə düzəldəcək.

Qərbin ciddi narahatlığına rəğmən rəsmi Bakının indiki soyuqqanlılığının izahını tapmaq çətindir. Bəzi ekspertlərə görə, rəsmi Bakı Rusiya ilə, konkret olaraq Putinlə anlaşıb və bu anlaşmaya güvənərək özünü toxtaq tutur. Lakin gələn məlumatlar bunun tamamilə əksini göstərir. “Yeni Müsavat”ın məlumatına görə, lap yaxın zamanlarda Kremllə rəsmi Bakı arasında hansısa məsələyə görə soyuqluq yaranıb və proses davam edir. Mümkündür ki, bu “məsələ” Ukraynadakı proseslərə rəsmi Bakının sərgilədiyi açıq və bəzi hallarda gözlə görünməyən münasibətlərə bağlıdır.

***
Yaranmış vəziyyətə fərqli yanaşanlar da var. Məsələn, Müsavat başqanı İsa Qəmbər deyir ki, ortadakı proses Ən Yeni Böhrandır. Və bu böhran həm də hər kəslə bərabər Azərbaycan üçün də böyük fürsətlər, imkanlar yaradır. Razılaşmaq da olar. Fəqət bu fürsətləri Azərbaycanın və demokratiyanın faydasına istifadə edə biləcək mexanizmlər və həmin gücdə – ölkənin məsuliyyətini üzərinə götürə biləcək – müxalifət yoxdur. Xalq da aktiv və güclü deyil. Ukraynada xalq da, müxalifət də güclü çıxdı, lakin hətta Qərbin böyük və aktiv dəstəyinə baxmayaraq, bu güc Rusiyanın qarşısında duruş gətirməyə yetmədi. Rusiya öz qaba pəncələri ilə daha güclü çıxdı.
***
Krımı Ukraynadan de-yure ayırdılar. Dünya bu nəticələri tanımasa da, proses gedir və Rusiya bu ilhaqdan geri çəkiləsi deyil. Əksinə, indi əlinə fürsət düşmüşkən, “işlanmışın yağışdan nə qorxusu” deyərək daha da iddiasını artıracaq. Qərbin Krımın qoparılmasının qarşısını ala bilməməsi qafaları təbii ki, qarışdırıb. Azərbaycan hakimiyyəti bu qarışıqlıqda soyuqqanlılığını qorumağa çalışır. Məntiqlə Rusiya da Azərbaycana dəyib-dolaşmamalıdır. Amma rəsmi Moskvanın tövrü onu göstərir ki, Rusiya “qaşınmayan yerdən qan çıxarmaq” istəyir. Allah Azərbaycan qan-qadadan qorusun…

musavat.com

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600