ABŞ-nin İrana MÜDAXİLƏSİ: "Hərbi seçim masadadır"
“Vensin təhdid xarakterli açıqlamaları Trampın danışıqlarda mövqeyini gücləndirmək məqsədi daşıyır”.
Bu fikirləri ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İrana hərbi müdaxilə imkanını inkar etməməsi barədə danışan Türkiyənin “Ülke TV” televiziyasının icraçı direktoru, siyasi şərhçi Həsən Öztürk Yenicag.az–a açıqlamasında deyib.
H. Öztürk bildirib ki, İranla ABŞ arasındakı gərginlik hərbi qarşıdurmadan diplomatik gərginliyə keçid edib:
“Hərbi seçim, əlbəttə ki, masadadır, amma Trampın siyasətinə baxdığımız zaman onun, adətən, danışıqlara çox yüksək tələblərlə başladığını görürük. Birinci təyyarədaşıyan gəmi və donanma göndərildikdən sonra öyrəndik ki, 50 döyüş təyyarəsi və ikinci təyyarədaşıyan gəmi də körfəzə doğru hərəkət edir.
Eyni zamanda, İran xarici işlər naziri Abbas Əraqçidən belə bir açıqlama gəldi: “Prinsiplər üzrə razılaşdıq.” Bu, iki opportunist və öz maraqlarını güdən gücün uzunmüddətli danışıqlar mərhələsinə keçdiyini göstərir.
Digər tərəfdən, belə bir vəziyyət də var, İran rejim olaraq ayaqda qalmaq üçün Amerikanın qismən hərbi müdaxiləsinə “hə” demiş kimi görünür. Beləliklə, həm rejim mövqeyini qoruyacaq, həm də Amerikanın müəyyən tələbləri yerinə yetiriləcək. Lakin İsrailin İran məsələsində ABŞ-yə davamlı təzyiq göstərməsi, xüsusilə uzunmənzilli raketlər və nüvə silahı ilə bağlı iddiaları vəziyyəti mürəkkəbləşdirən amillərdir.
Anladığımız qədərilə İran da zənginləşdirilmiş uran məsələsində “dinc nüvə proqramı” adı altında bir razılaşmaya meyillidir. Ancaq raket məsələsi İranın müdafiə baxımından əlində olan əsas vasitə kimi qalır. Bu mövzuda qısamüddətli həllin mümkün olacağını düşünmürəm, amma yaxın perspektivdə müharibə ehtimalı da zəif görünür.
Görünən odur ki, tərəflər uzun və müzakirələrlə zəngin bir prosesə daxil olublar, hər iki tərəfin özünü qalib kimi təqdim etməyə çalışacağı açıqlamalar veriləcək. Vensin təhdid xarakterli açıqlamaları isə, məncə, Trampın danışıqlarda mövqeyini gücləndirmək məqsədi daşıyır. Yaxın zamanda birbaşa hərbi müdaxilə olacağını düşünmürəm”.
Nəsimi Ələsgərli













