“Vaşinqton Ermənistanın İranla münasibətlərinə görə İrəvana artıq bir neçə dəfə xəbərdarlıq edib”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ-ın Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Vaşinqtona planlaşdırılmış səfərini ləğv etməsinə münasibət bildirən politoloq Vüqar Zifəroğlu deyib.
Vüqar Zifəroğlunun sözlərinə görə, Amerika özünün müəyyənləşdirdiyi “qırmızı xətt”in keçilməsini heç kimə bağışlamır:
“Ümumiyyətlə, ABŞ-ın Yaxın Şərq siyasətində özü üçün müəyyənləşdirdiyi prioritetlər və onlardan irəli gələn “qırmızı cizgi”lər var. ABŞ həmin “qırmızı cizgi”lərin keçirilməsinə hər zaman həssas münasibət göstərir. Son illərdə biz dəfələrlə bunun şahidi olmuşuq.
Rusiyanın forpostu funksiyasını yerinə yetirən Ermənistanın Suriyaya əsgər göndərməsinə ABŞ-ın belə adekvat reaksiya verməsi anlaşılan və gözləniləndir. Göründüyü kimi, ABŞ və Rusiya arasında “manevr” etmək cəhdi nəticə etibarilə Paşinyan iqtidarını əksər hallarda çıxılmaz vəziyyətə salıb. Buraya Suriya ilə bağlı məsələni də daxil edə bilərik.
Digər tərəfdən, ABŞ-ın Ermənistana bu münasibəti tək Suriya yox, həm də İranla əlaqədardır. Vaşinqton Ermənistanın İranla münasibətlərinə görə İrəvana artıq bir neçə dəfə xəbərdarlıq edib.
Unutmayaq ki, İranın Qafqaz və Yaxın Şərq siyasətində “erməni faktoru” mühüm yer tutur. İran hətta özünün Livan siyasətində də o ölkədə yaşayan ermənilərdən kifayət qədər yararlanır. Öz növbəsində Ermənistan da bu münasibətdən öz məqsədləri üçün istifadə edir.
Ona görə də, İran-Ermənistan münasibətləri xüsusilə, indiki həssas məqamda Amerikanı qətiyyən razı salmır. Əslində, hesab edirəm ki, ABŞ Suriya məsələsində olduğu kimi, İran məsələsində də Ermənistana təzyiqləri artıracaq”.
Qeyd edək ki, Ermənistan mətbuatı da işğalçı ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın Vaşinqtona planlaşdırılmış səfərinin ləğv edildiyini təsdiqləyib.
A.Zeynalov
www.yenicag.az