Millət vəkili Musa Urud beynəlxalq sosial şəbəkələrdən imtina edilməsini təklif edib.
Deputat bildirib ki, xaricdən Azərbaycana qarşı söyüş söyənlərin qarşısını almaq üçün biz də öz milli sosial şəbəkəmizi yarada və digər sosial şəbəkələri bağlaya bilərik. Musa Urud fikrini bununla əsaslandırıb ki, müharibə bitməyib, ideoloji təxribatlara və terrora məruz qalırıqsa, informasiya təhlükəsizliyimizi qorumalıyıq. Lazım gələrsə, dünya birliyinə də bununla bağlı müraciət edə bilərik.
Musa Urudun səsləndirdiyi bu fikir heç də birmənalı qarşılanmayıb.
Deputatın səsləndirdiyi fikirlərə AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-da münasibət bildirib.
Tural Abbaslı qeyd edib ki, yəqin Musa Urud indiki dövrdə milli sosial şəbəkə yaratmağın nə qədər qəliz, çətin və bahalı bir məsələ olduğunu bilmir:
“Rusiya “VKontakt”, “Odnoklasnik” yaratdı, ancaq onlar “Facebook” və “Twitter”lə rəqabət apara bilməyib. Əslində deputatın bu fikirlərində milli maraqlardan çox, hakimiyyət, təmsil etdiyi parlament maraqlarından çıxış etdiyini düşünürəm. Bu gün sosial şəbəkələrə baxsaq, Qarabağ və milli maraqlar əleyhinə təbliğat demək olar ki, yox səviyyəsindədir. Sosial şəbəkədə anti-təbliğat hökumət və parlamentin əleyhinə aparılır. Parlamentin bacarıqsız deputatları tənqid olunur. 21-ci əsrdir. Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdir. Bu nəsilə arxoik, sovet təfəkkürlə gəlmək olmaz. Hazırda qadağan anlayışı yoxdur. Müasir texnologiyalardan minimum anlayışı olan adamlar bilir ki, qadağaları bu texnologiyalara tətbiq etmək mümkün deyil. Bu gün İran, Çin kimi dövlətlərdə bu qadağalar rəsmi olaraq tətbiq olunsa belə, orada olan milyonlarla insan sosial şəbəkələrdən istifadə edir”.
Tural Abbaslı qeyd edib ki, bu cür təkliflər bizim parlamentin hansı səviyyədə olduğunu ortaya qoyur:
“Bu tip açıqlamalar deputatların dünya görüşünün, siyasi yanaşmasının, elmi biliklərinin hansı durumda olduğundan, bugünkü dünyanın sosial vəziyyəti ilə bağlı anlayışsız olduğunu göstərir. Bu daha trogikomik vəziyyətdir, nəyinki sosial şəbəkədə kiminsə tənqid olunması. Biri gəlir həkimə, deyir, başım ağrıyır. Həkim deyir, başını kəs, ağrımasın. Deputatın bu təklifi eynən buna bənzəyir. Baş ağrısına görə, baş kəsirlər. TV kanallarda normal debatlar keçirilsə, tənqidə icazə verilsə, sosial şəbəkələrə maraq azalar. Belə deputatların millətə, vətənə verəcəkləri ən böyük fayda mandatdan imtina etmələridir”.
AĞ Partiya sədri sonda bildirib ki, bu kafalı deputatların heç təmsil etdikləri iqtidara da faydası yoxdur.
Səxavət Məmməd
www.yenicag.az