!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ali məktəblərdə hazırlıq kurslarının bərpası rüşvətxorluğa meydan açacaq - EKSPERT

!Reklam – Yazi

Azərbaycanda “Təhsil Haqqında” Qanuna dəyişiklik edilir. Dəyişikliyə görə, universitetlərin nəzdində müvafiq hazırlıq kursları yaradılır və bu hazırlıq kursları vasitəsilə bakalavr pilləsinə imtahan vermədən qəbul həyata keçiriləcək. Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Qanun layihəsi Milli Məclisin plenar iclasında tövsiyə olunub.

Görəsən, hazırlıq kurslarını bitirməklə imtahansız ali məktəblərə qəbul hansı məcburiyyətdən yaranıb və bu, Azərbaycan təhsilinə nə verəcək?

Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında bildirdi ki, hazırlıq kursları vasitəsilə universitetlərə qəbul məsələsi gənclərimizin xarici ali məktəblərə kütləvi axınının qarşısını almağa hesablanıb. Amma bununla belə həmsöhbətimiz prosesin neqativ hallara yol aça biləcəyini də istisna etmədi:

“Ali məktəblər nəzdində hazırlıq kurslarının olması modeli sovet dövrünün sonlarında mövcud idi. Abituriyentlər hazırlığa gəlir, oradan da ali məktəblərə qəbul olunurdular. O zamanlar bu proses zamanı neqativ hallar geniş yayılmışdı. İndi isə vəziyyət bir qədər fərqlidir. Çünki Dövlət İmtahan Mərkəzi (keçmiş TQDK) qəbul prosesindəki rüşvətxorluğu aradan qaldırmaq üçün addımlar atır. Ona görə də 1992-ci ildən başlayaraq TQDK-nın qəbul prosesini həyata keçirtməsi müsbət addımdır. Bu halda yoxsul təbəqədən olan gənclərdə ali məktəblərə qəbul olunmağa inam yarandı. Amma bununla yanaşı yaxşı olardı ki, paralel olaraq universitetlərdəki neqativ hallar da aradan qaldırılsın və qəbul prosesini belədə ali məktəblərə həvalə etmək mümkün olsun. Lakin təəssüf edirəm ki, 25 il keçməsinə baxmayaraq, bir sıra universitetlərdə neqativ hallar hələ də mövcuddur. Ona görə də DİM hələ də qalır. Digər tərəfdən, Azərbaycanda yaranan bu boşluqdan qonşu Gürcüstan, Ukrayna, Rusiya və Türkiyə istifadə edir. Onlar ölkəmizə gələrək attestatla (qəbul imtahanı vermədən – red.) öz universitetlərinə qəbul həyata keçirtdiklərini reklam edirlər. Nəticədə bir çox Azərbaycan gənci buna meyillənir və həmin ölkələrin universitetlərində oxumaqla o dövlətlərin büdcəsini doldururlar. Ona görə də Azərbaycanda universitetlərə qəbul sadələşdirilməlidir. Oxumaq istəyən tələbə universitetə gəlib pulunu ödəyib, savadı olacaqsa, oxuyacaq. Yox, oxumayacaqsa, özü əziyyət çəkəcək, verdiyi pullar batacaq. Lakin ölkəmizdə hələ ki, qəbulu sadələşdirmək əvəzinə, hazırlıq kurslarını bərpa etmək istəyirlər. Bu hal xaricdəki ali məktəblərə üz tutanların sayını azaldacaq. Amma nəzarət olmadıqda bu işlə məşğul olanlar arasında rüşvətxorluğa meydan açılacaq. Turizm və Menecment Universitetində sistem elə qurulub ki, orada neqativ hallara yol yoxdur. Amma burada oxuya bilməyən tələbə başqa universitetlərdə neqativ addımlarla diplom ala biləcəyini gördükdə, təhsil aldıqları ali məktəbi dəyişirlər. Orada da imtahanda qəribə mexanizm var. Uşaq bileti çəkir, nəzarətçinin yanında suallara cavab yazır. Müəllim də yoxlayanda hansı uşağın yazısını yoxladığını bilmir. Bir çox universitetlər var ki, kağız ancaq doldurulmaq xatirinə verilir. Orada nə istəyirsən yaz, onsuz da qiymət alacaqsan. Çünki sonradan həmin yazı orada nə yazıldığı ilə tanış olmaq üçün heç kimə verilmir. Bu kimi saxtakarlığın qarşısı alınmalıdır. Hazırlıq kurslarının yaradılması və oranı bitirənlərin imtahansız ali məktəbə qəbul olunması məsələsinə gəldikdə, proses qanunauyğun, tam şəffaf şəkildə keçirilərsə, təhsilimizə müsbət təsirləri olacaq. Amma prosesdə rüşvətxorluq elementlərinə yer veriləcəksə, qanunda gözlənilən layihə dəyişikliyi təhsilimizə mənfi çalarlar gətirəcək”.

ELÇİN

Yenicag.az

COP29

www.yenicag.az

3347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv