Alimlərdən həyəcanverici kəşf: Dişlərin yalnız ağızda inkişaf etdiyi anlayışı alt-üst oldu
Alimlər “div köpəkbalığı” kimi ximerkimiler qrupuna aid balıqların alnında dişlərin inkişaf etdiyini üzə çıxarıb.
Yenicag.az xəbər verir ki, bu, çənə xaricində diş əmələ gəlməsinin ilk aydın nümunəsi hesab olunur.
Yalnız erkəklərdə müşahidə olunan və “tenakulum” adlanan bu çıxıntı cütləşmə zamanı dişini tutmaq üçün istifadə olunur. Açıldığında dişə bənzər quruluşlar ortaya çıxır.
Florida Universitetindən Qaret Frazer və komandasının apardığı tədqiqatda Puget boğazından toplanan 40 “hydrolagus colliei” növü araşdırılıb. Mikro-tomoqrafiya nəticələri “tenakulum”dakı quruluşların, həqiqətən, diş olduğunu təsdiqləyib.
Məqalənin müəlliflərindən Kerli Kohen kəşfi belə şərh edib:
“Dental lamina ilk dəfə çənə xaricində göründü. Bu, dişlərin yalnız ağızda inkişaf etdiyi anlayışını alt-üst edir”.
Tədqiqatçılar həmçinin 315 milyon il əvvəl yaşamış qohum növlərin fosillərində də oxşar quruluş tapıblar. Bu isə “tenakulum”un sadəcə qəribə bir anomaliya deyil, təkamülün qalığı olduğunu göstərir.
Alimlər ehtimal edir ki, bu quruluş təkcə cütləşmə üçün deyil, keçmişdə müdafiə vasitəsi kimi də istifadə olunub.