ARAŞDIRMA: Rifah səviyyəsi yüksək ölkələrdə təhsilin xoşbəxtliyə təsiri azalır
Avropada aparılan yeni bir araşdırma maraqlı nəticə ortaya qoyub. Belə ki, rifah səviyyəsi yüksək olan ölkələrdə təhsil ilə xoşbəxtlik arasındakı əlaqə olduqca zəifdir.
Yenicag.az xəbər verir ki, Almaniyanın Bremen Universitetindən S. Udayanaa 36 Avropa ölkəsini əhatə edən tədqiqat aparıb.
21–65 yaş arası 172 min nəfərin iştirak etdiyi sorğuda insanların həyat məmnuniyyəti 0-dan 10-a qədər qiymətləndirilib.
Nəticələr göstərib ki, ölkələrin rifah səviyyəsi artdıqca həm yüksək, həm də aşağı təhsilli insanların ümumi xoşbəxtliyi artır. Lakin rifah gücləndikcə, təhsilin gətirdiyi üstünlük azalır, yəni təhsilli və az təhsilli insanlar arasındakı xoşbəxtlik fərqi minimuma enir.
Alimlərin fikrincə, bu hal rifahı yüksək ölkələrdə aşağı təhsilin həyat keyfiyyətinə təsirinin zəifləməsi ilə bağlıdır.
Məqalədə qeyd olunur ki, artıq bu ölkələrdə ənənəvi iqtisadi imkanlar xoşbəxtlik üçün əsas faktor deyil. Onların əvəzinə, iş-şəxsi həyat balansı, elastik iş imkanları, vətəndaş cəmiyyətinə aktiv qatılım kimi amillər ön plana çıxır.
Udayanqa bildirib ki, zəngin ölkələrdə xoşbəxtliyi artırmaq üçün sosial iştirak, fərdi azadlıqlar və məqsəd hissini gücləndirən siyasətlər daha təsirli ola bilər.