Bir müddətdir ki, səhhətində problemlər yaşayan, ev şəraitində müalicə olunan buna görə də efirlərdən və tədbirlərdən uzaq düşən Xalq artisti, ustad xanəndə Arif Babayev doğum gününü qeyd edib. O, 84 yaşın kürəyini yerə vurub.
Yenicag.az-a açıqlama verən sənətkarın oğlu Yaşar Babayev doğum günündə atasının illərdir ki, ürəyində qubar bağlayan Qarabağ həsrətinin bitdiyini, ən böyük arzusuna qovuşduğunu da dilə gətirib:
“Atam doğum gününü tələbələri ilə bir yerdə evdə qeyd etdi. Bütün övladları və nəvələri də xoş günündə onunla bərabər idi. 84 yaşını çox xoşbəxt yola saldı. Çünki hər zaman onun ən böyük arzusu doğma Qarabağın alınması ilə bağlı olub. Artıq torpaqlarımız işğaldan azaddır. Arif Babayev buna görə xoşbəxt sənətkardır və bu sevincin dadını çıxara-çıxara yaşayır”.
Oğlu xanəndənin səhhəti barədə də danışıb:
“Şükür Allaha səhhəti də yaxşıdır. Allahdan ən böyük arzusu da elə cansağlığıdır”.
Cəvahir
www.yenicag.az