Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 kiloqrama yaxın narkotik vasitə, əlavə olaraq psixatrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Səncərədi kənd sakini Azər Əliyev 30 qram çəkidə narkotik vasitə tiryəki satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq onun Səncərədi kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 900 qram narkotik vasitə tiryək, 447 ədəd narkotik tərkibli metadon həblər, 35 qram psixatrop maddə metamfetamin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkarlanaraq götürülüb.
Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
www.yenicag.az