Avropa Oyunlarının öhdəsindən gələ bildikmi? – Müxalif ziyalıların şərhi
Yusif Bağırzadə: “Ölkəmiz bu oyunlara ciddi yanaşma prinsipinin əsasını qoydu, onu Olimpiya oyunları səviyyəsinə qaldırdı”
Asim Mollazadə: “Məndə ciddi şübh
ə var ki, kimsə Azərbaycan səviyyəsində belə oyunları təşkil etmək gücündə və hazırlıqda olsun”
Zəlimxan Məmmədli: “Gözləntilərdən də bir qədər daha yüksək səviyyədə alındı”
Zərdüşt Əlizadə: “Heç kim prosesə irad tuta bilməz”
Azərbaycan ilk Avropa Oyunlarını başa çatdırdı. Bu oyunların təşkili və keçirilməsi haqqında müxtəlif fikirlər səslənir. Görəsən, siyasilər nə düşünür, Azərbaycan bu oyunların öhdəsindən gələ bildimi?
Yenicag.az-a açıqlama verən AMİP Sədri Yusif Bağırzadənin fikrincə, ölkəmiz oyunların öhdəsindən layiqincə gələ bildi: “Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə keçirməyə nail oldu. Təşkilatçılıq, idmançılarımızın qələbələri baxımından mühüm uğur əldə etdik. Rəsmilərin dilindən dəfələrlə səslənmişdi ki, oyunlar yüksək səviyyədə təşkil olunacaq, doğrudan da bu baş verdi. İdmançılarımızın qələbələri, bu zaman Azərbaycan himninin səslənməsi göstərdi ki, ölkəmiz bu oyunları nəinki təkcə yüksək səviyyədə təşkil etdi, həm də prosesə ciddi yanaşma prinsipinin əsasını qoydu, onu Olimpiya oyunları səviyyəsinə qaldırdı. Hamımız bununla ancaq fəxr və təbliğ etməliyik”.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə təşkilatçılığın müasir səviyyədə olduğunu söylədi: “Azərbaycan Avropa Oyunlarını böyük idman və gənclik bayramı kimi keçirdi. Məndə ciddi şübhə var ki, kimsə Azərbaycan səviyyəsində belə oyunları təşkil etmək gücündə və hazırlıqda olsun. Yüksək peşəkarlıq nümayiş etdirərək, Azərbaycan xalqımızın mədəniyyətini nümayiş etdirdi. Təşkilatçılıq ən müasir səviyyədə oldu”.
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də məsələyə müsbət yanaşdığını diqqətə çatdırdı: “Bu yarışlara Azərbaycan səfərbər olundu. Siyasi, mərkəzi hakimiyyət, ölkənin rəsmi strukturları demək olar ki, bütünlüklə bu işə səfərbər edildilər. Odur ki, tədbir alınmalı idi və alındı. Hətta gözləntilərdən bir qədər daha yüksək səviyyədə alındı. Fikirlərimə siyasi rəng qatmadan gerçək olanı söyləyirəm. İdman mütəxəssisi olaraq düşünürəm ki, belə yarışlardan yaxşı istifadə etmək mümkündürsə, bundan ancaq və ancaq Azərbaycana fayda ola bilər. Sübut olundu ki, biz səfərbər oluna, Qarabağı da işğaldan azad edə, Azərbaycanın bütövləşməsi istiqamətində də addım ata bilərik. Yəni yumruğu bir yerə döyə bilərik. İkincisi, bu oyunlar Azərbaycanın demokratiyaya hazır olmadığı ifadələrini də alt-üst etdi. Son bir ayda nəqliyyat və ictimai yerlərdə qanun pozuntusu halları minimuma endi. Bunun özü də insanların qanuna tabeçiliyinin təzahürüdür. Yəni göstərdik ki, demokratik cəmiyyət də qura bilərik”.
Politoloq Zərdüşt Əlizadə də ölkəmizin bu oyunların öhədsindən gəldiyini söylədi: “Yarışlar gözəl təşkil olundu, insanlar oyunlara baxmağa gəldi və razı qaldılar. Heç kim prosesə irad tuta bilməz. Hər yerdə hər işlər olur. Amma ki, bütövlükdə oyunlar yaxşı təşkil olundu”.
ELÇİN