Avropalı sosialistlər Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya planlaşdırılan səfərini tənqid etmək üçün Avropa Parlamentində vəsatət təqdim ediblər. Lakin bu təklif Avropa Parlamentindəki ifrat sağçı deputatlar və “Avropa Naminə Vətənpərvərlər” qrupu tərəfindən bloklanıb.
Yenicag.az xəbər verir ki, bu barədə yerli “Aktuality” portalı məlumat yayıb.
Avropa Sosialist Fraksiyasının üzvü Teys Royten tərəfindən irəli sürülən təklifdə Fitsonun Rusiyaya səfər etmə qərarının təəssüf doğurduğu vurğulanıb. Təklifdə belə bir səfərin Avropa İttifaqının əsas prinsipləri və dəyərləri ilə ziddiyyət təşkil etdiyi bildirilib. Lakin sağçı deputatların son anda təklifi bloklaması səbəbindən səsvermə baş tutmayıb.
Avropa Parlamentinin vitse-prezidenti və Mütərəqqi Slovakiyadan olan üzv Martin Hoysik bildirib ki, bu, Robert Fitsonun siyasi baxımdan hansı mövqedə olduğunu açıq şəkildə göstərir. Fikonun təmsil etdiyi partiyadan olan Avropa Parlamentinin deputatı Katarina Rot Neveçalova isə Avropa Parlamentinin bu addımını Slovakiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib. O, hər bir Baş nazirin istənilən ölkə ilə əlaqə qurmaq və səfər etmək hüququ olduğunu vurğulayıb.
Qeyd edək ki, Robert Fitso Rusiyaya yaxın mövqeyi ilə tanınır. Onun rəhbərlik etdiyi “Smer” partiyasının Avropa Sosialistlər Partiyasına üzvlüyü Ukraynadakı müharibə ilə bağlı tutduğu mövqeyə görə dayandırılıb.
Fitso daha əvvəl mayın 9-da Rusiyada qeyd ediləcək İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edəcəyini açıqlayıb. Eyni zamanda, o, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya ilə normal münasibətləri bərpa etmək istədiyini bildirmişdi. Slovakiya Baş nazirinin son bəyanatları və Moskvaya səfər planı beynəlxalq ictimaiyyət tərəfindən ciddi narazılıqla qarşılanmaqdadır.
www.yenicag.az